Azərbaycanlı alim beynəlxalq konfransda məruzələrlə çıxış edib
Bakı, 25 may, AZƏRTAC
Beynəlxalq Muzeylər Komitəsinin (ICOM) Azərbaycan Milli Komitəsinin üzvü, Muzeylər, Hərbi Tarix və Silah Kolleksiyaları üzrə Beynəlxalq Komitənin (ICOMAM), eləcə də “QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq” İctimai Birliyinin İdarə heyətlərinin üzvü, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov Rusiyada keçirilən beynəlxalq tədbirdə ölkəmizi təmsil edib.
AZƏRTAC xəbər verir ki, alim “Müharibə və silahlar. Yeni tədqiqatlar və materiallar” mövzusunda XI beynəlxalq elmi-praktik konfransda, Mühəndis və Rabitə Qoşunları Artilleriya Hərbi-Tarix Muzeyinin yaradılmasının 320 illiyi münasibətilə keçirilən tədbirdə elmi məruzələrlə çıxış edib.
İlk məruzəsində P.Gözəlov 1919-1922-ci illərdə Azərbaycan, Ukrayna və başqırd süvari alaylarının nadir bayraqlarının nümunələri barədə iştirakçılara ətraflı məlumat verib. Həmin dövrdə Cənubi Qafqazda cərəyan edən mürəkkəb ictimai-siyasi hadisələr, dəyişən dövlətçilik rəmzləri və atributları barədə məlumatların təqdim olunduğu məruzə böyük maraqla qarşılanıb.
Alim digər tədbirdəki məruzəsində isə Azərbaycan, Türkiyə və Rusiyanın muzeylərində qorunan tarixi dövlətçilik və hərbi atributlarının oxşar xüsusiyyətlərindən bəhs edib.
Qeyd edək ki, hər iki məruzə konfrans iştirakçılarının böyük marağına səbəb olub.
Konfrans beynəlxalq mədəni, humanitar və hərb tarixinin öyrənilməsi sahəsində əməkdaşlığın inkişafı baxımından özünəməxsus rol oynayır.