Azərbaycanlı gənclərin Beynəlxalq Astronavtika Konqresi çərçivəsində keçiriləcək elm müsabiqəsində iştirakı təşviq olunur
Bakı, 22 fevral, AZƏRTAC
“Azərkosmos”un rəhbərliyi Azərbaycan Respublikası Gənclər Fondu ilə birgə ölkənin gənclər təşkilatlarının nümayəndələri ilə görüş keçirib.
AZƏRTAC xəbər verir ki, görüşün məqsədi azərbaycanlı gənclərin “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusuna həsr olunan Beynəlxalq Astronavtika Konqresinə marağını artırmaq və onların Konqres çərçivəsində keçiriləcək elm müsabiqəsində aktiv şəkildə iştirakını təşviq etməkdir. Müsabiqə iştirakçılara elmi işlərini və ya məqalələrini Bakı şəhərində keçiriləcək kosmik sahənin ən böyük tədbiri olan Beynəlxalq Astronavtika Konqresində təqdim etmək imkanı verir.
Tədbirdə 1000-dən artıq fəal gənci öz ətrafında birləşdirən təşkilatlar iştirak edib. Onların arasında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA), “İrəli” İctimai Birliyi, Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Davam” Gənclər Hərəkatı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi, Azərbaycan Tələbə və Məzunlar Platforması”, “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyi yer alıb.
Qeyd edək ki, oktyabrın 2-6-da Azərbaycanda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində dünyanın kosmik sahəsindəki aparıcı agentliklər, elm mərkəzləri və beynəlxalq təşkilatlarının rəhbərləri, eləcə də məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr bir araya gələcəklər.