Azərbaycanlı mütəxəssislər İspaniyada təlimlərə cəlb olunacaq
Gəncə, 19 may, Elcan Məmmədov, AZƏRTAC
XVI “Caspian Agro” və XXVIII “İnterFood Azerbaijan” sərgiləri çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu və İspaniyanın “PSB Produccion Vegetal” şirkəti arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov məlumat verib.
O bildirib ki, əməkdaşlıq bitki, o cümlədən üzüm sortlarının idxalı və mübadiləsi, sortların müasir üsullarla tədqiqi, azərbaycanlı mütəxəssislərin İspaniyada təlimlərə cəlb olunması və ölkəmizin müxtəlif bölgələrində təcrübə bağlarının salınması, təcrübə bağları üzrə təlim, tədris və tədqiqat proqramlarının təşkili, elmi layihələrdə birgə iştirak, elmi yeniliklərin və praktiki biliklərin mübadiləsi, qarşılıqlı səfərlər, kadr hazırlığı kimi vacib məsələləri əhatə edir.