REGİONLAR
Azərbaycanlılara qarşı soyqırımına ilk siyasi və hüquqi qiyməti Ümummilli Lider verib – Qusarda tədbir



Qusar, 23 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Sıralarında çox sayda erməni millətçilərinin cəmləşdiyi Bakı kommunası 1918-ci ilin martında “əks-inqilabçılara qarşı mübarizə” şüarı altında Bakı quberniyasında azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar plan həyata keçirməyə cəhd edib. Erməni quldur dəstələri təkcə Bakıda deyil, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə dinc əhaliyə qarşı soyqırımı törədiblər. Ermənilərin 1918-ci ilin martında havadarlarının köməyi ilə azərbaycanlılara qarşı törətdikləri soyqırımının miqyası böyükdür. Beş ay ərzində 50 mindən çox azərbaycanlı erməni faşizminin qurbanı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Qusarda təşkil olunan “Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanının tarixi əhəmiyyəti” adlı konfransda səsləndirilib.
Quba Soyqırımı Memorial Kompleksi və Qusar rayon Heydər Əliyev Mərkəzinin “Heydər Əliyev İli” çərçivəsində birgə təşkil etdiyi konfransın əvvəlində soyqırımı qurbanlarının, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi anılıb.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişafında, ölkəmizlə bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz xidmətlərindən söz açıb.
Bildirilib ki, 31 Mart soyqırımına siyasi və hüquqi qiymət ilk dəfə məhz xalqımızın Ümummilli Lideri, dahi şəxsiyyət, müdrik dövlət xadimi Heydər Əliyev tərəfindən verilib. Ulu Öndər 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” müvafiq Fərman imzalayıb, beləliklə, 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bununla yanaşı, Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb. Sərəncamdan irəli gələrək genişmiqyaslı tədbirlər keçirilib.
Tədbirdə Qusar rayon Heydər Əliyev Mərkəzinin direktoru Lalə Kərimova, Quba Soyqırımı Memorial Kompleksinin mütəxəssisləri Aysu Bülbülzadə və Abutalib Turabov tarixən erməni qəsbkarları tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzələrlə çıxış ediblər.
Sonda tədbir iştirakçılarına soyqırımı həqiqətlərini özündə əks etdirən kitab və bukletlər təqdim olunub.