“Azəriqaz” Hövsan qəsəbəsində təbii qaz təchizatının dayanmasına aydınlıq gətirib
Bakı, 14 dekabr, AZƏRTAC
“Azəriqaz” İB Hövsan qəsəbəsində təbii qaz təchizatının dayanmasına aydınlıq gətirib.
Birlikdən AZƏRTAC-a bildirilib ki, Suraxanı rayonu, Hövsan qəsəbəsinin Hövsan kəndi ərazisində Mənzil İnşaatı Dövlət Agentliyinin apardığı tikinti işləri zamanı ərazidən keçən təbii qaz xətti zədələnib. Diametri 280 millimetr olan orta təzyiqli qaz xəttinin zədələnməsi nəticəsində yaxınlıqda yaşayan 3500 abonentin qaz təchizatında fasilə yaranıb. Sözügedən ərazidə aparılan tikinti işləri nəticəsində son bir ay ərzində artıq üçüncü dəfədir ki, oxşar hal yaşanır. Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq yenə səhlənkarlığa yol verilib.
Bakı Regional Qaz İstismarı Departamentinin Suraxanı rayonu üzrə texniki istismar xidmətinin rəisi Samir Abbasovun sözlərinə görə, qəza zamanı qarşı tərəf dəymiş ziyanı ödəsə də, vətəndaşlar soyuq vaxtlarda saatlarla qazsız qalmalarına görə narazılıq edirlər. Əhali yığışaraq etirazlarını bildirmək üçün tikinti gedən ərazidə də olub. Bu cür durumun tezliklə qarşısının alınmasını istəyiblər.
“Azəriqaz” İB soyuq aylarda, xüsusən də COVID-19 pandemiyasının yayılmasından irəli gələrək insanların evdə qalmağa üstünlük verdiyi bir vaxtda bütün tikinti işi ilə məşğul olan təşkilatlardan diqqətli olmağı xahiş edir. Hər hansı bir qaz xəttinin zədələnməsi xeyli sayda abonentin qazsız qalmasına gətirib çıxarır. Baş verən fəsadların aradan qaldırılması 4-5 saat, bəzən də daha çox vaxt tələb etdiyindən bu, haqlı narazılığa səbəb olur.