İQTİSADİYYAT
“Azərkosmos” məktəblilər və tələbələr üçün vebinarlara başlayıb

Bakı, 22 aprel, AZƏRTAC
“Azərkosmos” ASC koronavirus pandemiyasının davam etdiyi müddətdə “Evdə qal, elmdən və təhsildən qalma!” adlı təşəbbüsü ilə kosmosu və digər aktual mövzuları əhatə edən vebinarlara başlayıb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, vebinarlar pandemiya ilə əlaqədar məktəbli və tələbələrin evdə qaldıqları müddət ərzində vaxtlarını səmərəli və faydalı keçirmələri üçün “Azərkosmos”un heyəti tərəfindən təqdim olunur. “Peyklərin növləri və xüsusiyyətləri, Peyk altsistemləri” mövzusundakı ilk vebinar interaktiv formada keçib. Növbəti günlərdə “Azərkosmos” tərəfindən təqdim olunacaq vebinarlar aşağıdakı mövzuları və auditoriyanı əhatə edəcək:
“Kosmosda insan” (Məktəblilər üçün), 23 aprel, saat 15:00-16:30
“Davranış iqtisadiyyatı: davranışı başa düşmək və formalaşdırmaq” (Tələbələr üçün), 27 aprel saat 14:30-16:00
“Orbitlər və peyklər” (Məktəbli və tələbələr üçün), 29 aprel, saat 11:00-12:30
“Kosmik fatehlər” (Məktəblilər üçün) 1 may, saat 15:00-16:00.
Qeyd edək ki, siyahıda qeyd edilmiş vebinarlar barədə “Azərkosmos”un “Facebook” və “Linkedin” səhifələrində əvvəlcədən elan olunacaq. Bütün vebinarlar Azərbaycan dilində “Zoom” platforması üzərindən keçiriləcək.
Qeyd edək ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. “Azərkosmos” telekommunikasiya peyki olan “Azerspace-1”, yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” və “Azerspace-2”nin operatorudur.