AZƏRTAC-ın əməkdaşı ərəbdilli telekanalların birbaşa efirində Ermənistanın hərbi təxribatlarından danışıb
Bakı, 2 oktyabr, AZƏRTAC
AZƏRTAC-ın ərəb dilində informasiya bölməsinin müdiri Şıxəli Əliyev Qarabağ cəbhəsində baş verən son hadisələrlə bağlı TRT Arabic, əl-Arabiyya, Rusiya əl-yaum, əl-Arabi, Vatan telekanallarının və Əlcəzair Milli Radiosunun birbaşa efirində Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatlardan danışıb.
Canlı bağlantılarda Dağlıq Qarabağ münaqişəsinin tarixi və hüquqi tərəfləri barədə danışan AZƏRTAC-ın əməkdaşı Azərbaycanın haqlı mövqeyini və tələbini tamaşaçıların və dinləyicilərin diqqətinə çatdırıb. O, münaqişənin beynəlxalq hüquqa uyğun, ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərini xatırladıb, dövlətimizin başçısının xalqa müraciətindən və “Rossiya-1” telekanalında çıxışından sitatlar gətirib.
Müxbirimiz onunla eyni vaxtda efirə qoşulan erməni tərəfinin nümayəndələrinin guya Türkiyənin münaqişədə iştirak etməsi barədə uydurmalarına cavab olaraq Azərbaycan Prezidentinin “Rossiya-1” telekanalının efirindəki çıxışından aşağıdakı sitatı nəzərə çatdırıb: “Erməni tərəfin bu cür yalan xəbərlər yaratmaqda məqsədi bizə aydındır. Əvvəla, öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin belə təsəvvür yaratmaq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışmaq. Buna görə sizə məsuliyyətlə bəyan edirəm ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur.”
Əməkdaşımız mövzu ilə bağlı, həmçinin Misirin “Masr al-arabi” xəbər portalına müsahibə verib. Həmin müsahibə bir sıra ərəbdilli KİV-də, o cümlədən “khabarmasr” , “mjmez” jurnalı, “alestadnews”, “lomazoma”, “Sada al-arab”, “npa-ar.com”, “elfagrsport” xəbər portallarında da yayılıb.