MƏDƏNİYYƏT
AZPROMO-nun icraçı direktorunun müşaviri: Yaradıcı insanlara iqtisadiyyatla bağlı məqamlarda kömək etməliyik









Bakı, 28 noyabr, AZƏRTAC
Noyabrın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumunda növbəti panel sessiya “Mədəniyyət və yaradıcı sənayelər: ixrac potensialı, beynəlxalq əməkdaşlıq” mövzusuna həsr olunub.
AZƏRTAC xəbər verir ki, panelin moderatoru Mədəniyyət Nazirliyinin Beynəlxalq təşkilatlarla iş sektorunun müdiri Araz Bağırlı olub.
Türkiyənin Yaradıcı Sənayelər Şurasının rəhbəri Sertaç Eray Ersay yaradıcılıq sahəsinin iqtisadiyyata təsiri və bu sahəyə verilə biləcək töhfələrlə bağlı fikirlərini bölüşüb. O, bu sahənin inkişafının insan şüuru ilə ciddi bağlı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, burada yaradıcı məhsul insan faktoruna əsaslanır. İnsanın bacarığını iqtisadi potensiala çevirərək ondan istifadə etmək hazırda ən vacib məsələlərdən biridir.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Tural Hacılı bildirib ki, yaradıcı sənayelərin ixracı məsələsində AZPROMO olaraq hazırda xalçaların təşviqi istiqamətində layihə üzərində çalışılır. “Ən vacib məqamlardan biri ixracın təşkili sahəsində maarifləndirmədir. Biz bununla əlaqədar maarifləndirmə proqramları yaratmalıyıq. Çünki yaradıcı insanlar iqtisadiyyatla bağlı məqamları özləri həll etməli deyillər, onlara bu məsələdə kömək etməliyik”, - deyə o əlavə edib.
Rəqəmsal transformasiya üzrə ekspert Fəxri Eminov Azərbaycanda yaradıcı sənayenin 2010-cu ildən bəri inkişaf etdiyini söyləyib. O, normativ-hüquqi bazanın olması halında innovativ biznes modelinin yaranmasının təbii bir prosesə çevrildiyini diqqətə çatdırıb. Qeyd edib ki, hüquqi baza, maliyyə və innovativ klasterlərin formalaşması əsas məsələdir. Müvafiq istiqamətlərdə treninqlərin keçirilməsi, investorların axtarışı bu işdə kömək ola bilər.
“Prima” İctimai Fondunun təsisçisi və rəhbəri Viktoriya Yurtayeva yaradıcısı olduğu klassik musiqi festivalı “TENGRİ Music fest” haqqında danışıb, layihənin ölkənin kreativ sənayesinə təsirindən söz açıb. O, yaradıcılıq sənayesinin inkişafı üçün festivalların, forumların, sərgilərin, yarmarkaların və digər tədbirlərin keçirilməsinin vacib olduğunu vurğulayıb.
Tədbirdə, eyni zamanda, yaradıcı sənayenin müasir biznes çağırışları, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı bilik və bacarıqlarının artırılması, sektorun problemləri və inkişafı kimi məsələlər müzakirə edilib, bir sıra fikir və təkliflər səsləndirilib, suallar cavablandırılıb.