“AzScienceNet” Mərkəzi beynəlxalq Moldovada keçirilən beynəlxalq konfransda təmsil olunub
Bakı, 18 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev Moldovanın Elm və Təhsil Şəbəkəsinin (RENAM) 25 illiyinə həsr olunmuş “RENAM E-İnfrastruktur – Milli elm və təhsildə effektivliyin təmin olunması” mövzusunda beynəlxalq konfransda və “EaPConnect” layihəsinin iclaslarında iştirak edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Moldova Dövlət Universitetində keçirilən tədbirə 31 təşkilat və 14 ölkədən 100 iştirakçı qatılıb. İştirakçılar arasında, həmçinin Şərq Tərəfdaşlığı və Avropa İttifaqının milli elm və təhsil şəbəkələrinin, “EU4Digital: elm və təhsil icmalarının əlaqələndirilməsi” (EaPConnect) layihəsinin, GEANT-ın, eləcə də Moldova hökumətinin nümayəndələri və Avropa İttifaqı rəsmiləri yer alıb.
B.Nəbiyev İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə İnnovasiya Forumunda da iştirak edib. Hər il keçirilən bu forum Şərq Tərəfdaşlığı ölkələrindən informasiya-kommunikasiya texnologiyaları innovasiyaları və startap ekosistemlərinin liderlərini, nazirliklərin və agentliklərin nümayəndələrini, eləcə də digər ekspertləri bir araya gətirir.