BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 400 000 dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4911 manat olmuşdur. Təklifin həcmi 400 000 dollar və tələbin həcmi 350 000 dollar olduğu halda, manatın məzənnəsi 4 bənd qalxmış və 1 dollar üçün 4907 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemindəki (EHBS) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 dollar üçün 4908,93 manat həddində idi.
EHBS-də USD/AZM T+0 aləti üzrə 2 milyon 688 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 13,195 milyarddır. Bir əqdə, orta hesabla, 384 000 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
Banklar AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 44,391 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
İyulun 20-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.