BAKI DƏRİN ÖZÜLLƏR ZAVODUNDA 20 YANVAR FACİƏSİNİN ŞƏHİDLƏRİ YAD EDİLMİŞLƏR
Bakı, 20 yanvar (AZƏRTAC). Azərbaycan xalqının milli azadlıq mübarizəsinin şanlı səhifəsinə çevrilmiş 1990-cı ilin 20 Yanvar hadisələrindən 20 il ötsə də, faciə qurbanlarının xatirəsi heç vaxt unudulmur. Şəhidlərimizin əziz xatirəsi ölkəmizin hər yerində olduğu kimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) idarə və müəssisələrində də həmişə böyük ehtiramla yad edilir. Faciənin növbəti ildönümü ərəfəsində də qurumun struktur bölmələrində xatirə mərasimləri keçirilir, şəhidlərin ölməzlik salnaməsinə nəzər salınır.
Şirkətin mətbuat xidmətindən bildirmişlər ki, yanvarın 19-da ARDNŞ-in Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir. İştirakçılar əvvəlcə faciəli günlərdə öz ölkəsinin və xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutaraq şəhidlik zirvəsinə yüksəlmiş mərd Vətən övladlarının ölməz xatirəsinə zavodun ərazisində ucaldılmış abidəni ziyarət etmiş, abidənin önünə tər çiçək dəstələri düzmüşlər. Bundan sonra neftçilər xalqımızın ümummilli lideri Heydər Əliyevin zavodun həyətində ucaldılmış büstünün önünə əklil qoymuşlar.
Tədbirdə vurğulanmışdır ki, bu qanlı faciədən 20 il keçməsinə baxmayaraq, həmin hadisə yalnız ümumxalq hüzn günü kimi deyil, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini və məğrurluğunu nümayiş etdirən bir qəhrəmanlıq nümunəsi kimi qeyd olunur. Çıxış edənlər o ağır günlər haqqında xatirələrini danışmış, 20 Yanvar faciəsi qurbanlarının daim yaddaşlarda yaşayacağını qeyd etmişlər.