Bakı Slavyan Universitetində 20 Yanvar şəhidləri anılıb
Bakı, 20 yanvar, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib. Mərasimdən əvvəl universitetin rəhbərliyi, müəllim və tələbə kollektivi Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin məzarı önünə qərənfil dəstələri düzüblər.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 20 Yanvar faciəsi ilə bağlı Bakı Slavyan Universitetinin foyesində stend hazırlanıb, tərcümə fakültəsinin I kurs tələbəsi Klara Cəfərovanın rəsmləri sərgilənib.
“Şəhidli Şahidli Qanlı Yanvar” adlanan tədbirdə Dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BSU-nun rektoru, professor Nurlana Əliyeva bildirib ki, 20 Yanvar xalqımızın yaddaşına, müstəqillik tarixinə qanla yazılmış bir səhifədir. Bu tarix azərbaycanlıların azadlıq səsini ucaltdığı, öz ərazi bütövlüyü uğrunda qəhrəmanlıq nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Mərasimdə tərbiyə işləri üzrə prorektor Xanım Sultanova, Qələbə Əlillər Cəmiyyətinin sədri, Qarabağ müharibəsi veteranı Mehdi Vedili, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı, Qarabağ müharibəsi veteranı, BSU-nun dosenti Sadir Məmmədov, tarix elmləri doktoru Habil Məmmədov, dosent Ərzuman Əmirov çıxışlarında faciənin yaranma səbəbləri və həmin gecə törədilən dəhşətlər haqqında ətraflı məlumat veriblər. 20 Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik tarixində mühüm yerə malik olduğunu deyən çıxışçılar bu faciənin gənc nəslə çatdırılması, eləcə də ona siyasi-hüquqi qiymət verilməsi ilə bağlı geniş təbliğat işlərinin aparılmasının zəruriliyini qeyd ediblər.
Sonra BSU-nun tələbələri şəhidlərə həsr edilmiş şeirlər deyib, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarını səsləndiriblər.