Bakı Slavyan Universitetində “Ana harayı” tamaşası təqdim olunub
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Bakı Slavyan Universitetində (BSU) Xocalı faciəsinin 27-ci ildönümünə həsr edilən tədbir keçirilib. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan BSU-nun rektoru, professor Nurlana Əliyeva Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımının ağır nəticələrindən danışıb. Qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir. İyirmi yeddi il əvvəl Xocalıda neçə-neçə əliyalın azərbaycanlı qadın, qoca, körpə ermənilər tərəfindən xaincəsinə qətlə yetirilib.
Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində qanlı faciəyə hüquqi-siyasi qiymət verildiyini vurğulayan Nurlana Əliyeva beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə qanlı faciə kimi daxil olan bu terror aktının Azərbaycan xalqının qan yaddaşında silinməz izlər qoyduğunu diqqətə çatdırıb. O, ölkə daxilində və xaricində Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaq istiqamətində görülən işlərdən, təşkil olunan aksiya və tədbirlərdən söz açaraq həmvətənlərimizin ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasını rəhbər tutaraq dövlət siyasətinə dəstək olduqlarını bildirib. Yaxın zamanda torpaqlarımızın düşmən tapdağından azad olunacağını əminliklə vurğulayan Nurlana Əliyeva gəncləri hər an mübarizəyə hazır olmağa səsləyib.
Tədbirdə Xocalı faciəsinin canlı şahidlərindən biri - BSU-nun azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, Qarabağ müharibəsi veteranı, istefada olan polis polkovniki Sadir Məmmədov soyqırımı zamanı dinc əhalinin qətlə yetirilməsi, elindən-obasından didərgin düşməsi və digər bu kimi özbaşınalıqlar barədə mərasim iştirakçılarına məlumat verib. Bildirib ki, Xocalı haqqında həqiqətləri geniş ictimaiyyətə çatdırmaq məqsədilə 12 dildə “Xocalı soyqırımı” kitabını yazıb. Tarixboyu Azərbaycan xalqına qarşı qəsbkar siyasət yeridən ermənilərin Xocalıda törətdikləri kütləvi qırğın və işgəncələr birmənalı olaraq soyqırımı faktıdır, erməni vəhşiliyinin bəşəriyyətə sübutudur.
Anım mərasimində iştirak edən Xocalı sakinlərinin faciə ilə bağlı acı təəssüratları dinlənilib. Xocalıda son günə qədər tibb bacısı kimi çalışan Səadət Zeynalova və 27 gün Ermənistanda əsir qalan Xocalı sakini Valeh Hüseynov fevralın 25-dən 26-na keçən gecə dinc əhaliyə qarşı törədilən soyqırımı aktını bir daha ürəkağrısı ilə yada salıblar. Bildiriblər ki, hadisədən 27 il keçməsinə baxmayaraq, heç kəs onu unutmayıb, xalqımızın qəlbində erməni vandalizminə qarşı nifrət daha da artıb.
Tədbir iştirakçıları ssenari müəllifi Günay Novruz, rejissoru Roman Yaşar olan “Xocalı soyqırımı” adlı filmə tamaşa ediblər.
Sonra BSU-nun xoreoqrafı Əli Natiqoğlunun hazırladığı “Ana harayı” tamaşası təqdim olunub. Səhnə əsərində bütün obrazları BSU-nun tələbələri canlandırıb.