“BAKI-TBİLİSİ-CEYHAN BORU KƏMƏRİNİN BEYNƏLXALQ VƏ REGİONAL ƏHƏMİYYƏTİ”
İyunun 6-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) “Bakı-Tbilisi-Ceyhan boru kəmərinin beynəlxalq və regional əhəmiyyəti” mövzusunda beynəlxalq konfrans açılmışdır. Tədbiri təhsil, yanacaq və energetika nazirlikləri, Dövlət Neft Şirkəti, ADNA və Qafqaz Universiteti təşkil etmişlər.
ADNA-nın rektoru, Milli Elmlər Akademiyasının müxbir üzvü professor Siyavuş Qarayev konfransın açılışışında çıxış edərək bildirdi ki, bu tədbirdə Azərbaycan, Gürcüstan və Türkiyənin iqtisadi inkişafı üçün böyük əhəmiyyəti olan boru kəmərinin çəkilməsinin iqtisadi, texniki, ekoloji, siyasi və strateji xüsusiyyətləri ətraflı müzakirə olunacaqdır. Bu layihədə başqa dövlətlərin də iştirak etməsi boru kəmərinə beynəlxalq əhəmiyyət qazandırır.
Rektor dedi ki, indi, Bakı-Tbilisi-Ceyhan layihəsinin artıq gerçəkləşdiyi bir vaxtda biz bu boru kəmərinin çəkilməsi ideyasını irəli sürmüş və onu reallığa çevirmiş Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin siyasi müdrikliyini yüksək qiymətləndiririk.
Sonra təhsil naziri Misir Mərdanov, Qafqaz Universitetinin rektoru Ərol Oral, Milli Məclisin daimi komissiyalarının sədrləri Asya Manafova, Şahlar Əsgərov, Səməd Seyidov, ARDNŞ-in vitse-prezidenti Xoşbəxt Yusifzadə, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze çıxış edərək, layihənin həyata keçirilməsinin iqtisadi, siyasi, strateji xüsusiyyətlərindən danışdılar. Bildirildi ki, boru kəməri onun keçəcəyi ölkələrin əhalisinin rifahını yaxşılaşdırmaqla yanaşı, həm də regionda sabitliyi təmin edəcəkdir. Azərbaycan 1999-cu ildən başlayaraq “Azəri-Çıraq-Günəşli” müqaviləsinin həyata keçirilməsindən mənfəət nefti götürür. Müqavilələr imzalandıqdan sonra respublikamızın 30 min vətəndaşı işlə təmin olunmuşdur, onların orta aylıq əmək haqqı 900 dollardır.
Konfransda vurğulandı ki, bu boru kəməri layihəsinin əleyhdarları deyirdilər ki, Xəzər dənizinin Azərbaycan sektorunda Bakı-Tbilisi-Ceyhan marşrutunun səmərəli işləməsi üçün kifayət qədər neft yoxdur. Halbuki, boru kəmərini doldurmaq üçün təkcə buradan “Azəri-Çıraq_Günəşli” yataqlarından çıxarılan neft kifayət edəcəkdir.
Fasilədən sonra konfrans işini bölmələrdə davam etdirdi. Bölmələrdə ölkənin müxtəlif ali məktəblərindən və Milli Elmlər Akademiyasının institutlarından olan alimlərin 130-dan çox məruzəsi dinlənildi.
İyunun 7-də konfrans işini başa çatdıracaqdır.