BAKIDA 12-Cİ AZƏRBAYCAN BEYNƏLXALQ QİDA SƏNAYESİ SƏRGİSİ AÇILMIŞDIR
Yeyinti məhsulları, spirtli və spirtsiz içkilər, dondurulmuş məhsullar və yarımfabrikatlar, kənd təsərrüfatı üçün ən yeni texnologiyalar, texnika və ehtiyat hissələri, inqrediyentlər və qida əlavələri, qablar və qablaşdırma avadanlığı, soyuducu və ticarət avadanlığı, yeni ticarət markaları və s. nümayiş etdirilən 16 bölmədən ibarət sərgidə dünyanın 13 ölkəsindən 61 şirkət təmsil olunmuşdur. Ötən illə müqayisədə, sərginin ekspozisiyası 30 faiz artmışdır. İştirakçıların 40 faizi yerli şirkətlərdir.
Açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri İsmət Abasov, Ticarət və Sənaye Palatasının vitse-prezidenti Mehman Əhmədov, Azərbaycanda İxracın və Sərmayələrin Təşviqi Fondunun prezidenti Emil Məcidov, İteca Caspian şirkətinin direktoru Fərid Məmmədov və başqaları qeyd etmişlər ki, 1994-cü ildən bəri ardıcıl olaraq keçirilən sərgidə Azərbaycan istehsalçılarının xüsusi çəkisi daim artmaqdadır. Ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalının davamlı inkişafı emal müəssisələrinin sayının da artmasına səbəb olmuşdur.
Tədbirdə əcnəbi şirkətlərin və xarici sərmayədarların yeyinti məhsulları istehsalı ilə məşğul olan iş adamları ilə müştərək fəaliyyətə cəlb olunmasından, onların avadanlıqlarından istifadə etməklə qazanılan nailiyyətlərdən də bəhs olunmuşdur.
Açılış mərasimində əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi siyasətimizin hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulanmışdır. Ötən il ölkədə daxili məhsul istehsalında 26 faiz artıma nail olunduğu və ümumi məhsulun 73 faizinin sahibkarlar tərəfindən istehsal edildiyi fərəhləndirici hal kimi nəzərə çarpdırılmışdır.
Respublikamızda yeyinti və emal sənayesi sahəsindəki sürətli inkişafdan, bu bölmənin daha da inkişaf etdirilməsi üçün mövcud olan potensial imkanlardan, paytaxtımızda dünya iqtisadiyyatının nailiyyətlərini nümayiş etdirən beynəlxalq sərgilərin ardıcıl olaraq keçirilməsindən, Bakının Şərqi Avropada gələcəyin şəhəri adlandırılmasından və s. geniş danışılmışdır.
Sərgi mayın 26-dək davam edəcəkdir.