BAKIDA ALMANİYA-AZƏRBAYCAN BİZNES FORUMU KEÇİRİLMİŞDİR
Almaniyanın sənaye, energetika, telekommunikasiya, inşaat, tibb avadanlığı istehsalı və digər sahələr üzrə 20 şirkəti nümayəndələrinin, müvafiq sahələri təmsil edən 60-a yaxın yerli iş adamının qatıldığı tədbirdə Almaniyanın ölkəmizdəki səfiri Detlef Lingeman bildirmişdir ki, forumdan məqsəd Azərbaycanın sərmayə imkanları ilə tanış olmaq və yerli sahibkarlarla əlaqələri genişləndirməkdir.
Azərbyacanın iqtisadi inkişafına toxunan səfir, həyata keçirilən irimiqyaslı enerji layihələrindən danışmışdır. Azərbaycan hökuməti qeyri-neft sektorunun, habelə infrastrukturun inkişafına xüsusi diqqət yetirir. Alman şirkətləri bu istiqamətdə daha fəal rol oynaya bilərlər.
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya ilə iqtisadi əlaqələrin möhkəmlənməsinə, alman şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymalarına xüsusi diqqət yetirdiyini bildirən D.Lingeman, bunu ölkəsinə olan etibarın göstəricisi kimi səciyyələndirmişdir. Səfir alman iş adamlarını Azərbaycandakı əlverişli biznes mühitindən yararlanmağa çağırmışdır.
Azərbaycan iqtisadiyyatının hazırkı vəziyyəti ilə bağlı məlumat verən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov həyata keçirilən islahat və layihələrdən söz açmış, iqtisadi artımın tempinə və sərmayə cəlbediciliyinə görə respublikamızın dünyada ilk yerlərdən birini tutduğunu bildirmişdir. O, hökumətin neft gəlirlərindən səmərəli istifadə edərək, qeyri-neft bölməsinin, habelə infrastrukturun inkişafında maraqlı olduğunu diqqətə çarpdırmışdır.
Respublikamızda xarici iş adamlarına əlverişli biznes mühiti yaradıldığını qeyd edən N.Səfərov, ölkəmizin rəhbərliyinin Almaniya ilə iqtisadi əlaqələrin genişlənməsinə xüsusi marağını vurğulamışdır. Almaniya ilə Azərbaycan arasında müxtəlif sahələrdə 30-dək sənəd imzalanmışdır ki, bu da əməkdaşlıq üçün hüquqi baza yaratmışdır.
Almaniyanın İqtisadiyyat vəTexnologiya Nazirliyinin məsul işçisi Peter Hartiq, Alman-Azərbaycan İqtisadi Yardım İttifaqının nümayəndəsi Florian Şröder tədbirin ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında əhəmiyyətini vurğulamış, iş adamlarını fəal əməkdaşlığa dəvət etmişlər.
Biznes forum işini yerli və alman iş adamlarının ikitərəfli görüşləri ilə davam etdirmişdir.