İDMAN
Bakıda atletika üzrə ölkə çempionatının açılış mərasimi keçirilib












Bakı, 31 yanvar, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil etdiyi atletika üzrə ölkə çempionatının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Atletika Mərkəzinin qapalı məkanında reallaşan tədbir idmançıların paradı ilə başlayıb.
Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov ötən ili ölkə idmanı üçün uğurlu hesab edib. O, turnirin Azərbaycanın bütün regionlarını əhatə etməməsinin üzücü məqam olduğunu bildirib. Federasiya rəhbəri bu istiqamətdə işlər gördüklərini, gələcəkdə ölkə çempionatında bölgə idmançılarının çoxluq təşkil edəcəyinə inandığını vurğulayıb.
Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva isə idmançıların daxili yarışlarda əldə etdikləri nəticələrin nüfuzlu beynəlxalq turnirlərdə iştirak üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Sonra orta və uzun məsafələrə qaçış üzrə Azərbaycan rekordçusu olan mərhum atlet Sadıq Sadıqovun oğlu Tural Sadıqova atasının ölkə idmanının inkişafında əvəzsiz xidmətlərinə görə diplom təqdim edilib.
Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan çempionatı açıq elan olunub.
Ölkə çempionatının proqramına üç təkanla tullanma, nüvə itələmə, hündürlüyə tullanma, uzunluğa tullanma, 60 metr, 100 metr, 200 metr, 400 metr, 800 metr, 1500 metr, 3000 metr məsafəyə qaçış, eləcə də 4x100 metr, 4x200 metr məsafəyə qarışıq estafet qaçışı daxildir. Turnir dünya və Avropa çempionatında iştirak üçün reytinq xallarının qazanılması baxımından mühüm əhəmiyyət kəsb edir. Yarışa fevralın 1-də yekun vurulacaq.