BAKIDA BƏDİİ GİMNASTİKA ÜZRƏ 23-CÜ AVROPA ÇEMPİONATININ PÜŞKATMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, UEG-in Texniki Komitəsi üzvlərinin paytaxtımızdakı ikigünlük iclası iyunun 29-dan iyulun 1-dək Bakıda keçiriləcək bədii gimnastika üzrə 23-cü Avropa çempionatının püşkatma mərasimi ilə başa çatmışdır. Komitənin prezidenti Hayde Brunederin mərasimin əvvəlində bildirdiyi kimi, püşkatma prosesi ona görə vacibdir ki, kimin birinci, kimin sonuncu çıxış edəcəyi müəyyənləşir. O demişdir ki, çempionatda fərdi hesabda 31 ölkə və yeniyetmələrdən ibarət 25 qrup komandası iştirak edəcəkdir.
Əvvəlcə püşk 5 cüt gürz ilə çıxış edəcək qrup komandaları üçün atılmışdır. Nəticədə Azərbaycan komandası 10-cu, Rusiya və Belarus kimi liderlər isə 17-18-ci olmuşlar.
Sonra fərdi hesabda gimnastların sıra nömrələri müəyyənləşdirilmişdir. Gimnastlar Moskvada keçirilən 2005-ci il Avropa çempionatının nəticələrinə görə 3 bərabər qrupa bölünmüşlər. “A” güclülər qrupunda çıxış edəcək Azərbaycan gimnastlarına 10 ölkə arasında 4-cü start nömrəsi düşmüşdür. Medallara başlıca namizədlər - Ukrayna və Rusiya 9-cu və 10-cu olmuşlar.
Finalda yarışacaq səkkiz gimnast proqramın ayrı-ayrı növlərində çıxışların yekunlarına əsasən müəyyən olunacaqdır.
Püşkatma mərasimindən sonra mütəxəssislər bu və ya digər komandaların imkanları barədə fikirlərini söyləmişlər. Texniki Komitənin rusiyalı üzvü Nataliya Kuzminanın fikrincə, püşkatmanın nəticələrinə görə Rusiya gimnastları qarşıdakı çempionatda üstün mövqeyə malikdirlər. Belə ki, fərdi komanda hesabında onlar xalça üzərinə sonuncu çıxaraq, “A” qrupunda çıxışlara yekun vuracaqlar.
Püşkatmanın bu cür nəticəsi İrina Vinerin gimnastları üçün müsbət cəhətdir. Məhz onların çıxışı hakimlərin yaddaşında daha çox qalacaqdır. Bu fikri Texniki Komitənin İspaniyadan olan üzvü Maria Tereza Nadal söyləmişdir. Doğrudur, rusiyalılardan əvvəl xalça üzərinə onların qızıl medal uğrunda mübarizədə başlıca rəqibləri Ukrayna nümayəndələri çıxacaqlar.
Komitənin yunanıstanlı üzvü Atanasia Karanın fikrincə, Azərbaycan gimnastlarının 4-cü yeri də pis deyildir. O demişdir: “Azərbaycan 2005-ci il Avropa çempionatı ilə müqayisədə nəticələrini yaxşılaşdırmaq niyyətindədir. Bundan əlavə, Bakı çempionatı Yunanıstanda keçiriləcək lisenziya yarışlarından əvvəl sınaq turniri olacaqdır. Odur ki, Avropa çempionatı meydan sahibləri üçün çox vacibdir”.