BAKIDA BEYNƏLXALQ EKOLOGİYA KONFRANSI İŞƏ BAŞLAMIŞDIR
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov çıxışında bildirdi ki, dövlətimizin başçısı İlham Əliyev dünyadakı mövcud 11 iqlim zonasından 9-nun olduğu Azərbaycanın nadir təbiətinə böyük qayğı göstərir. Qısa müddətdə ölkə ərazisinin 7 faizini əhatə edən 6 milli park yaradılmışdır. Bu iş gələcəkdə də davam etdiriləcək və respublikanın xüsusi mühafizə olunan ərazisinin ümumi sahəsini 11-12 faizə çatdırmaq planlaşdırılır. Nazir xatırlatdı ki, mühafizə olunan ərazilər siyahısına ilk dəfə Abşeron yarımadasının palçıq vulkanları da daxil edilmişdir.
Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlətimizin başçısının konfrans iştirakçılarına məktubunu oxudu.
Almaniya Federal Ətraf Mühiti Mühafizə Agentliyinin müdiri Hartmut Foqtmann çıxışında ölkəmizdə görülən təbiəti mühafizə tədbirlərini yüksək qiymətləndirərək dedi ki, Azərbaycan regionda konstruktiv təbiəti mühafizə siyasətinin aparılması sahəsində liderlik edə bilər. O, birgə layihələrin həyata keçirilməsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu da bildirdi.
Konfransın ilk iş günü iştirakçılara ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində törətdikləri ekoloji terror haqqında geniş məlumat verildi.