İDMAN
Bakıda “Fibonacci” intellektual yarışının qalibləri mükafatlandırılıb
Bakı, 25 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə respublika üzrə “Fibonacci” intellektual yarışının final mərhələsi və mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, “Heydər Əliyev İli”nə həsr olunan yarış ölkənin müxtəlif regionlarından komandaların təmsil olunduğu 36 komandanın iştirakı ilə baş tutub.
Yarışın yekunlarına əsasən “Sinaps” birinci, “Bum şaka laka” komandası ikinci, “Next” kollektivi isə üçüncü yeri tutub.
Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov və ASAPES-in rektoru Fuad Hacıyev təqdim ediblər. Qaliblərə xüsusi hədiyyələr və sertifikatlar verilib.
Tədbirdə çıxış edən Fərid Qayıbov “Fibonacci” oyununun maraqlı olduğunu vurğulayıb, Azərbaycanın əksər regionlarından komandaların turnirdə iştirakını yüksək qiymətləndirdiyini bildirib. Nazir yarışın davamlı olaraq keçiriləcəyini əlavə edib.
Qeyd edək ki, oyun zamanı iştirakçıların intellektual inkişafı ilə yanaşı, onların istirahəti və qidalanması üçün lazımi şərait yaradılıb.
İntellektual yarışın məqsədi akademik savadla yanaşı, iştirakçılara müstəqil düşünmək, sərbəst fikir söyləmək, liderlik bacarıqlarını aşılamaqdır.
“Fibonacci”ni digər intellektual oyunlardan fərqləndirən cəhət sual və tapşırıq növlərinin rəngarəngliyi, yarışda Azərbaycan tarixi, coğrafiyası və mədəniyyətinə xüsusi yer verilməsi, həmçinin oyunun sinxron olaraq həm Azərbaycan, həm də rus dilində keçirilməsidir.