BAKIDA I TÜRKOLOJİ QURULTAYIN 80 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ KONFRANS KEÇİRİLİR
AMEA-nın və Təhsil Nazirliyinin birgə keçirdikləri konfransda Azərbaycan türkoloqları ilə yanaşı, Türkiyə, Qazaxıstan, Tatarıstan, Qaqauz Yeri, İran, Gürcüstan və Moskva alimləri, Türkiyənin ölkəmizdəki səfiri Turan Moralı da iştirak edirlər.
Elmi konfransı açan AMEA-nın prezidenti, akademik Mahmud Kərimov I Türkoloji qurultayı türk xalqlarının tarixində ən böyük hadisələrdən biri adlandırmış və onun 80 illik yubileyinin Azərbaycan Prezidentinin 2005-ci il 9 noyabr tarixli Sərəncamına əsasən qeyd edildiyini vurğulamışdır. Bildirilmişdir ki, birinci qurultayın işində keçmiş SSRİ məkanının türkdilli xalqlar yaşayan bütün bölgələrindən, xarici ölkələrdən dəvət olunmuş 131 tanınmış alim iştirak etmişdir. İştirakçıların ümumi sayı isə 600 nəfər idi. Doqquz gün ərzində 17 iclas keçirilmiş, türkdilli xalqların tarix və etnoqrafiyasına, ədəbiyyatına, dilçilik məsələlərinə, türk dillərinin tədrisi problemlərinə həsr olunmuş 37 məruzə dinlənilmişdir. Qurultayın diqqət mərkəzində olan əsas məsələ bütün türkdilli xalqlar üçün latın qrafikasına əsaslanan yeni əlifbanın qəbul edilməsi idi.
M.Kərimov demişdir ki, bütün sahələrdə, o cümlədən terminologiya, orfoqrafiya, ana dilinin tədrisi metodikası sahəsində olan problemləri meydana çıxarmış və onların həlli yollarını göstərmiş qurultay türkdilli xalqların həyatında böyük rol oynamış, onların tarixinin, etnoqrafiyasının, ədəbiyyatının, incəsənətinin elmi cəhətdən dərindən öyrənilməsi, inkişaf etdirilməsi sahəsində yeni üfüqlər açmışdır. Akademiyanın prezidenti əmin olduğunu bildirmişdir ki, indiki konfransın iştirakçıları I Türkoloji qurultayın 80 illik yubileyini qeyd etməklə bərabər, artıq hər baxımdan dəyişmiş olan bugünkü türk dünyasının yeni problemlərini də nəzərdən keçirəcək, gələcək əzəmətli işlərin təməlini qoyacaqlar.
Təhsil nazirinin müavini İradə Hüseynova, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Türkiyə Dil Qurumu və Atatürk Mərkəzinin rəhbəri Şükrü Haluk Akalın, “Varlıq” jurnalının baş redaktoru Cavad Heyət, Moskva Dilçilik Universitetinin professoru Tofiq Məlikli, Krım Muxtar Respublikası mədəniyyət və incəsənət nazirinin müavini İsmət Zaatov, Gürcüstan Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, xanım Sisana Abuladze, Qazaxıstandan Şakir İbrayev təbrik sözü söyləmiş, konfransın işinə uğurlar arzulamışlar. Türkiyənin Bilkənd Universitetinin təsisçisi, məşhur cərrah İhsan Doğramacının təbrik məktubu oxunmuşdur.
Sonra AMEA-nın Humanitar və ictimai elmlər bölməsinin akademik-katibi, akademiyanın müxbir üzvü Ağamusa Axundov “Birinci Türkoloji Qurultay və müasir türk dünyası” mövzusunda məruzə etmişdir. O, qurultay və onun qərarları barədə məlumatları xatırlatmış və demişdir ki, ötən illər ərzində bu böyük tarixi hadisə öz təsirini göstərməkdə davam etmişdir. Türkiyədə Sami N.Özerdimin, M.Şakir Ülkütaşırın, Zeynep xanım Korkmazın, Necmettin Hacıeminoğlunun, Mertol Tulumun, Hamza Zülfikarın, Hasan Erenin kitab və məqalələrində birinci qurultayın əks-sədasını görürük. Azərbaycanda əlifba, terminologiya, orfoqrafiya sahələrinə aid müdafiə olunmuş dissertasiyalarda da qurultayın ruhu yaşayır. Eyni sözləri başqa türkdilli ölkələrin dilçilik, tarix, ədəbiyyatşünaslıq sahələrində qazandıqları uğurlar haqqında da demək olar.
Lakin qurultayın qarşıya qoyduğu ortaq dil, ortaq əlifba, ortaq orfoqrafiya, terminlər sahəsində ortaqlıq kimi məsələlər keçmiş SSRİ məkanında yasaq olunmuş tədqiqat mövzuları idi. Ancaq imperiyanın dağılması bütün türk dünyası üçün də yeni üfüqlər açdı, yeni müstəqil dövlətlər yarandı. Azərbaycanın müstəqillik illərində əldə etdiyi ən böyük nailiyyətlərdən biri də ana dilimizin əsil mənada dövlət dili statusu qazanması, bütün sahələrdə geniş inkişaf yoluna çıxmasıdır. Hələ sovet dövründə, 1978-ci ildə ümummilli liderimiz Heydər Əliyev Konstitusiyamıza Azərbaycan dilinin dövlət dili olması barədə ayrıca maddə salınmasına nail olmuşdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 80 illik yubileyi haqqında” Sərəncamında çox dəqiq qeyd edildiyi kimi, Heydər Əliyev tərəfindən imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli fərmanlar isə ana dilimizin inkişafında mühüm istiqamətverici sənədlər hesab edilməlidir. Bütün bunlar I Türkoloji qurultayın qərarlarının məntiqi davamı olmaqla, həmin qərarların tarixi əhəmiyyətini təsdiq edir və onların obyektiv zərurətdən meydana gəldiyini göstərir.
Məruzəçi daha sonra demişdir ki, bu gün 80 ilin məsafəsindən baxanda məlum olur ki, I qurultayda müzakirə edilən məsələlərin bir çoxu postsovet məkanının türkdilli xalqlar yaşayan bəzi bölgələrində hələ də həllini tapmamışdır. Orfoqrafiya sahəsindəki problemlərin bəziləri 1966-cı ildə Bakıda I Türkoloji qurultayın 40 illiyi münasibətilə keçirilən Ümumittifaq türkoloji konfransın səviyyəsindən, demək olar ki, hələ də irəli gedə bilməmişdir. Latın qrafikalı əlifba qəbul edilərkən türk dillərinin fonetik quruluşu, ahəng qanunu, görünür, lazımınca nəzərə alınmamış və nöqtəli saitlərin yazılışında müəyyən problem yaranmışdır. “Çərşənbə” sözünün yazılışında nöqtə düzməkdən şikayətlənən (ərəb əlifbası ilə həmin sözdə 7 nöqtə var) babalarımızın xələfləri indi “üzümçülüyümüzünkü sözünün görünüşü” kimi cəmi üç kəlmədən ibarət söz birləşməsində 30 nöqtədən istifadə etməli olurlar.
Sonra Zeynep Korkmaz (Ankara), Kenesbay Musayev (Moskva), İradə Hüseynova (Bakı) müxtəlif mövzularda məruzələr etmişlər.
Həmin gün konfransın birinci iclası keçirilmişdir. İclasda Bəkir Nəbiyevin, Nizami Cəfərovun, Tofiq Hacıyevin, Adil Babayevin (Azərbaycan), Ahmet Bican Ercilasunun, Fikret Türkmenin, Osman Fikri Sertkayanın (Türkiyə), Şakir İbrayevin (Qazaxıstan), Tofik Məliklinin (Moskva), İsmet Zaatovun (Krım) məruzələri dinlənilmiş, müzakirələr olmuşdur.
Konfrans ərəfəsində AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Türkologiya” beynəlxalq elmi jurnalının xüsusi nömrəsi buraxılmışdır.
Konfrans mayın 24-də işini davam etdirəcəkdir.