Bakıda ilk dəfə tullantıların davamlı idarə olunması sahəsində beynəlxalq seminar keçiriləcəkdir
Bakı, 25 mart (AZƏRTAC). “Təmiz Şəhər” ASC iyunun 17-dən 21-dək Tullantıdan Enerjiyə Tədqiqat və Texnologiya Şurası (SYNERGIA) və “CNİM S. A.” şirkəti ilə birgə “Tullantıdan enerjiyə tullantıların davamlı idarə olunmasının ayrılmaz hissəsi kimi” mövzusunda beynəlxalq seminar keçirəcəkdir.
“Təmiz Şəhər” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, beş gün davam edəcək tədbirdə SYNERGIA-nın prezidenti Efstratios Kalogirou, Kolumbiya Universitetinin professoru və Yer Mühəndisliyi Mərkəzinin rəhbəri Nikolas Temelis, Tullantıdan Material və Enerji Tədqiqat Mərkəzinin (MatER) rəhbəri Stefano Consonni, Leuven Universiteti kimya mühəndisliyi fakültəsinin professoru Carlo Vandecastele, UV&P ətraf mühitin İdarə olunması və mühəndisliyi şirkətinin baş direktoru Franz Neubaçer, “Təmiz Şəhər” ASC idarə heyətinin sədri Zakir İbrahimov, Bakı bərk məişət tullantılarının yandırılması zavodunun direktoru Stefano Danieli və “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsinin direktor müavini Vüsal Nəsirli və başqaları mühazirə söyləyəcəklər.
Seminar zamanı tullantıdan enerjiyə sahəsinin texniki aspektləri, ətraf mühitin mühafizəsinə müsbət təsirləri və iqtisadi səmərəliliyi, mexaniki-bioloji emal, bioqazların bərpası sistemi və tullantıların basdırılması kimi mövzular müzakirə olunacaqdır.
Seminarın sonuncu günündə iştirakçılar Bakı bərk məişət tullantılarının yandırılması zavodunda olacaqlar.
“Tullantıdan enerjiyə tullantıların davamlı idarə olunmasının ayrılmaz hissəsi kimi” mövzusunda beynəlxalq seminar hər il müxtəlif ölkələrində keçirilir. Bu il Bakıda keçiriləcək tədbirə xaricdən 60-dan çox iştirakçının qatılacağı gözlənilir.
Tədbirdə iştirak etmək istəyənlər “Təmiz Şəhər” ASC-nin rəsmi internet səhifəsinə http://tamizshahar.az/seminar.php daxil olub qeydiyyat sistemindən istifadə edərək öz iştiraklarını təsdiqləyə bilərlər.