Bakıda “İndoneziya İslam memarlıq irsi” mövzusunda memarlıq forumu təşkil edilib
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 14-də “YARAT” Müasir İncəsənət Mərkəzində “İndoneziya İslam memarlıq irsi” mövzusunda memarlıq forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, üçüncü İndoneziya Mədəniyyət Festivalı çərçivəsində reallaşan forum bu ölkənin Bakıdakı səfirliyi və “YARAT” Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə gerçəkləşib.
Foruma İndoneziya Memarlıq Assosiasiyasının sədri, tanınmış memar Muniçi Baxron Edres rəhbərlik edib. Forum çərçivəsində müsəlman irsləri arasında müxtəlif incəsənət və mədəni mirasların təsirinə məruz qalmış İndoneziyanın zəngin memarlığı təqdim olunub. Həmçinin tanınmış memarın moderatorluğu ilə aparılan mövzulardan biri qeyri-adi müsəlman yaşayış məntəqəsi olan, Sultan sarayı ilə və xüsusi Yava kosmologiya və fəlsəfəsinə əsaslanan dizaynı ilə, Yava adasının ənənəvi və tarixi şəhəri olan Coqcakartanın mərkəzində yerləşən Kauman kəndi haqqında olub.
Forum çərçivəsində iştirakçılar dialoq apararaq, fikirlər mübadiləsi və İndoneziya haqqında bilik və Azərbaycan memarlığı, incəsənət və dizaynı haqqında məlumat ala biliblər.
Qeyd edək ki, Coqcakarta İslam Universitetinin professoru olan Muniçi Baxron Edres, həm də rəngkarlıq sənəti ilə məşğul olur.