BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 29-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, bazar günü yarmarkada alıcılara bazardakından 20-25 faiz ucuz qiymətə 1,5 ton ət, 0,3 ton ağartı, 5 ton tərəvəz, 3 ton kartof, 4 ton meyvə, 13 min ədəd yumurta, 50 kiloqram bal təklif edilmişdir. Burada qoyun ətinin kiloqramı 4 manat 50, mal əti 4 manat 20 qəpiyə, quş əti 3 manat 80-4 manat 20 qəpiyə, bal 9-10 manata, gilas, gilənar 1 manat 50 qəpiyə, armud 80 qəpik- 1 manata, gavalı 50 qəpik-1 manata, alma 40 qəpik-1 manata, çuğundur 80, badımcan 50, xiyar 60-80, kələm 60, pomidor, lobya 40-50, kartof, soğan 30-40, qarpız 30, yemiş 50-60, yumurtanın bir ədədi 10, göyərtinin dəstəsi 10 qəpiyə satılmışdır.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Balakən, Qobustan, Samux, Daşkəsən, Quba və Biləsuvar rayonlarının fermərləri bazar günü 35 tondan çox məhsul satmışlar.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerleri satışa 5 ton məhsul çıxarmışdılar.
Şənbə və bazar günləri Şəmkir, Quba, Salyan, Kürdəmir, Ağcabədi, Biləsuvar, Qəbələ və digər rayonların fermerləri metronun “Əhmədli” stansiyasının yaxınlığında “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzində təşkil olunmuş yarmarkaya 250 ton məhsul gətirmişdilər. Alıcılar onlara təklif edilən meyvə-tərəvəzin və süd məhsullarının qiymətlərinin bazardakından xeyli ucuz olduğunu söyləyir və onları həvəslə alırdılar.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısında təşkil olunmuş yarmarkada şənbə və bazar günləri əhaliyə münasib qiymətə meyvə-tərəvəz, o cümlədən kələm, xiyar, gilas, pomidor, kartof, gilənar, ərik və digər məhsullar təklif olunmuşdur.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadənin verdiyi məlumata görə, burada satışa Qazax və Ağsu rayonlarından gətirilmiş 26 tonadək məhsul çıxarılmışdır.
Goranboy, Bərdə və Ağstafa fermerləri Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkaya qiymətləri bazardakından 35-40 faiz ucuz olan kənd təsərrüfatı məhsulları gətirmişdilər. Burada təzə süd məhsulları daha həvəslə alınırdı.
İşçi qrupunun rəhbəri Qadir Həsənov bildirmişdir ki, yarmarkada 15 tonadək meyvə-tərəvəz və heyvandarlıq məhsulları satılmışdır.
######
