Bakıda Krım Muxtar Respublikasının turizm imkanları təqdim olunmuşdur
Bakı, 19 dekabr (AZƏRTAC). Azərbaycanda səfərdə olan Ukraynanın Krım Muxtar Respublikasının kurortlar və turizm naziri Aleksandr Liyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil olunduğu regionun turizm imkanlarını tanıtmaq məqsədilə dekabrın 19-da “Ambassador” mehmanxanasında təqdimat keçirmişlər.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində respublikamızda fəaliyyət göstərən turizm şirkətləri və KİV nümayəndələri iştirak etmişlər.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev qonaqları salamlamış, Azərbaycan Prezidenti İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə turizm sahəsində əldə edilmiş nailiyyətlərdən söz açmışdır.
Tədbirdə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko da çıxış edərək ölkələrimiz arasında dostluq əlaqələrindən danışmışdır.
Azərbaycanda turizmin inkişafı üçün təbii şəraitin olduğunu deyən səfir təkcə iqtisadi-siyasi sahələrdə deyil, turizm sahəsində də əlaqələri inkişaf etdirməyin vacibliyini bildirmişdir.
Sonra nazir A.Liyev Krımın kurort və turizm potensialı haqqında geniş məlumat vermişdir. Bildirmişdir ki, Krım Kurortlar və Turizm Nazirliyi 2015-ci ilədək Azərbaycandan gələn turistlərin sayını 60 minə çatdırmağı qarşısına məqsəd qoymuşdur. Bununla bağlı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə danışıqlar aparılacaqdır.
Ötən il yollayış ilə Krıma gələn azərbaycanlıların sayının 12 min nəfər olduğunu yada salan nazir bildirmişdir ki, bu, digər postsovet respublikaları ilə müqayisədə az göstərici olmasa da, bizim istəklərimizə uyğun deyildir. Buna görə də biz ikitərəfli turist əlaqələri qurmaq istərdik. Səfərimizin məqsədi yalnız Krıma turistlər cəlb etmək deyildir. Biz bu əlaqələrin qarşılıqlı şəkildə qurulmasını, hər iki tərəfə turist axınının artmasını arzulayırıq.
Hazırda Krımda 240 müalicəvi əhəmiyyətli sanatoriyanın fəaliyyət göstərdiyini deyən A.Liyev demişdir ki, bura səfər edənlər ilin bütün fəsillərində tarixi yerləri gəzərək təbii zənginliyi duya biləcəklər. Turistlər Qara dənizin sularında üzmək, yaşıl sahələrdə gəzmək, əyləncə yerlərində rahat istirahət etmək imkanı əldə edəcəklər.
A.Liyev onu da bildirmişdir ki, Krımın 2,5 milyon əhalisinin 15 faizini tatarlar təşkil edir ki, onlar da Azərbaycan mədəniyyətinə böyük maraq göstərirlər.
Sonda qonaqlar sualları cavablandırmışlar.