BAKIDA LEYSAN YAĞIŞININ NƏTİCƏLƏRİ ARADAN QALDIRILIR
Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqə İdarəsindən bildirmişlər ki, şəhərin müxtəlif yerlərində, xüsusilə də Səbail, Nəsimi, Binəqədi və digər rayonlarda kanalizasiya xətləri nasaz vəziyyətdə olduğu üçün bu ərazilərdə böyük gölməçələr yaranmışdır. Bu isə nəqliyyat vasitələrinin və piyadaların hərəkəti üçün ciddi əngəllər törətmişdir. Vəziyyəti nəzərə alaraq Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinin bütün zəruri texnikası və şəxsi heyəti dərhal hadisə yerlərinə göndərilmişdir.
Onlar təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında fəallıq göstərmişlər. Leysan başlanandan etibarən nazirliyin 101 və 112 nömrəli “qaynar xətt” xidmətlərinə daxil olan zənglər əsasında yanğınsöndürən texnika yerlərə göndərilmişdir. Səbail, Nəsimi, Binəqədi, Xətai, Nizami və Yasamal rayonlarında əmələ gələn gölməçələri təmizləmək üçün 40–a yaxın texnika və bir neçə nasos stansiyası hadisə yerlərinə gətirilmişdir. Qəsəbələr, habelə Təzə bazarın arxasında yerləşən Quba meydanı sel sularından tamamilə təmizlənmişdir. Bu işə ehtiyat texnika da cəlb olunmuşdur.
Metronun “Sahil” stansiyasının qarşısında telefon qovşağının, Hökumət evinin, Şəhriyar adına Mədəniyyət Mərkəzinin ətrafı qısa müddətdə selin gətirdiyi lildən və tullantılardan təmizlənmişdir.
AZƏRTAC-ın fotomüxbirlərinin və Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqə İdarəsi fotoqrafının şəhərin mərkəzi hissəsində lentə aldıqları fotoşəkillərdə leysanın törətdiyi fəsadlar və onun nəticələrinin aradan qaldırılması prosesi əksini tapmışdır.