Bakıda musiqi məktəbindən oğurluq edən şəxslər yaxalanıb VİDEO
Bakı, 2 aprel, AZƏRTAC
Bakı şəhərində musiqi məktəblərindən birindən oğurluq edilib. Naməlum şəxslər təhsil müəssisəsinə daxil olaraq məktəbin zalında oturacağın üzərində nəzarətsiz qalan və içərisində 100 manat məbləğində pul, eləcə də, kartlar olan çantanı oğurlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sonra həmin şəxslər kartlardan, ümumilikdə, 3000 manata yaxın pul çıxararaq təkrar oğurluq ediblər. Zərərçəkən şəxs hadisə barədə polisə məlumat verən kimi cinayəti törədənlərin axtarışlarına başlanılıb. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş İmran Kərimov və Fuad Sadıxov tutularaq istintaqa təqdim olunublar. Araşdırma zamanı onların eyni üsulla, yəni müxtəlif təyinatlı obyektlərə daxil olaraq sahibləri tərəfindən nəzarətsiz qalan daha 6 nəfərin çantasını oğurladıqları məlum olub. İ.Kərimov və F.Sadıxovun paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur.
Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.
Faktla saxlanılan şəxslər barəsində Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.