MƏDƏNİYYƏT
Bakıda “Next Level” hip-hop qrupunun konsert proqramı maraqla qarşılanıb
Bakı, 27 oktyabr, AZƏRTAC
Ölkəmizdə səfərdə olan ABŞ-ın “Next Level” hip-hop qrupu oktyabrın 27-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, konsert proqramı ABŞ-ın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə həyata keçirilən “Next Level Azerbaijan” proqramı çərçivəsində təşkil olunub.
Tədbirdə səfirliyin mədəniyyət və təhsil işləri üzrə müşaviri Haydi Smit “Next Level” qrupu haqqında məlumat verib. Bildirib ki, qrup ABŞ Dövlət Departamentinin, bu ölkənin Şimali Karolina Universitetinin və Meridian Beynəlxalq Mərkəzinin birgə təşəbbüsü ilə yaradılıb. Qrupun təsis olunmasının əsas məqsədi hip-hop musiqi janrı və rəqsindən mədəniyyətlərarası mübadilənin genişləndirilməsində istifadə etməkdir.
Vurğulanıb ki, proqramın əsas məqsədi ölkələrimiz arasındakı mədəni əlaqələri genişləndirməkdir.
Sonra “Next Level” qrupu istedadlı gənc ifaçılarımızla birgə hip-hop musiqi janrı ilə Azərbaycan muğamını sintez şəklində səsləndirib.
Qeyd edək ki, “Next Level” qrupu oktyabrın 28-də Mingəçevir Dövlət Dram Teatrında ödənişsiz konsert proqramı ilə çıxış edəcək.