BAKIDA ORQAN VƏ TOXUMA TRANSPLANTASİYASINA DAIR SİMPOZİUM KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 26-da Mərkəzi Neftçilər Xəstəxanasında “Yaşamaq gözəldir, yaşatmaq da” devizi altında orqan və toxuma transplantasiyasına dair ikigünlük simpozium öz işinə başlamışdır.
Tədbir Azərbayacan Kardiovaskulyar Cərrahlar Assosiasiyası və Türk-Azərbaycan Endoskopik Cərrahlar Assosiasiyası tərəfindən təşkil edilmişdir.
Simpoziumda Türkiyədən və İtaliyadan dəvət olunmuş mütəxəssislər iştirak edirlər.
M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, akademik Böyükkişi Ağayev, Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi Fəxrəddin Cavadov, Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyasının sədri Rəşad Mahmudov çıxış edərək tədbirin əhəmiyyətindən danışmışlar.
Bildirilmişdir ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də uğurlu inkişaf müşahidə olunur. Azərbaycanda səhiyyə sahəsi dünya elmində baş verən yeniliklərlə daim zənginləşir və insanlara keyfiyyətli tibbi xidmətin göstərilməsi istiqamətində mühüm addımlar atılır. Hazırda inkişaf etmiş ölkələrdə vətəndaşların genetik informasiya bazaları, transplantologiya institutları yaradılmışdır. Dünyada orqan köçürülməsi əməliyyatları daha sürətlə artır və ölkəmizdə də bu sahənin inkişafına böyük diqqət yetirilir. Hazırda Azərbaycanda orqan transplantasiyası böyrəkköçürmə əməliyyatı ilə məhdudlaşsa da, simpozium gələcəkdə ölkəmizdə digər orqanların transplantasiyasının həyata keçirilməsinə təkan verəcəkdir.
Egey Universiteti orqan köçürmə və elmi tədqiqat mərkəzinin professoru Ata Bozuklar bildirmişdir ki, Türkiyədə artıq 30 ildir ki, orqan transplantasiyası həyata keçirilir. Bu sahədə ölkəsinin təcrübəsini bölüşən alim, insanlar arasında orqan bağışlamanın çox mürəkkəb bir proses olduğunu və ictimaiyyətin bu sahədə maarifləndirilməsinin zəruriliyini vurğulamışdır.
Azərbaycanlı və türk mütəxəssislərinin transplantasiya sahəsində hər iki ölkədə əldə edilmiş nailiyyətlər və inkişaf perspektivləri barədə məruzələri dinlənilmişdir.
Simpozium sentyabrın 27-də işini davam etdirəcəkdir.