CƏMİYYƏT
Bakıda “Red Bull Paper Wings - 2015” çempionatının milli finalı keçirilib VİDEO
Bakı, 4 aprel, Raisa Abbasova, AZƏRTAC
Aprelin 4-də Bakı Dəniz Vağzalında “Red Bull Paper Wings- 2015” çempionatının milli finalı keçirilib.
AZƏRTAC xəbər verir ki, “Red Bull Paper Wings” havaya kağız təyyarəciklər buraxılması üzrə beynəlxalq çempionatdır. Dünyanın hər yerindən tələbələr bədii baxımdan orijinal və texniki cəhətdən qüsursuz kağız təyyarəcikləri ən qısa müddətdə düzəltmək bacarığına görə yarışırlar. Bunun üçün yalnız yarışlarda iştirak etmək arzusu olmalıdır. Yarışda əsas məsələ uçuşun məsafəsi, müddəti və aerobatikadır. Finalda BDU-nun, Azərbaycan İqtisad Universitetinin, Bakı Slavyan Universitetinin, Azərbaycan Texniki Universitetinin, Milli Aviasiya Akademiyasının tələbələri iştirak ediblər.
Finalın yekunlarına görə, uçuş məsafəsi üzrə ən yaxşı nəticəni BDU-nun tələbəsi Elsevər Əhmədli (36 metr), uçuş müddətinə görə BSU-nun tələbəsi Fərrux Əlisoylu (7,81 saniyə), aerobatikaya görə Milli Aviasiya Akademiyasının tələbəsi Ömər Şükürov göstəriblər.
Milli finalın üç qalibi Azərbaycanı “Red Bull Paper Wings” yarışının dünya finalında təmsil edəcək. “Dünya finalı Avstriyanın Zaltsburq şəhərində əfsanəvi “Anqar-7”-də keçiriləcək. Qeyd edək ki, “Anqar-7”-nin şüşə günbəzləri altında əfsanəvi aviasiya və avtomobil raritetləri saxlanılır.
Qaliblərdən biri Ömər Şükürov bildirib ki, yarışa bir neçə ay hazırlaşıb, çoxlu sayda təyyarəcik düzəldib. Təyyarəçi atası ona əməli məsləhətlər verib. Onun dediyinə görə, əsas məsələ yarışlara qatılmaq arzusudur.
Qeyd edək ki, milli finalın münsiflər heyətində Azərbaycan Milli Aviasiya Akademiyasının müəllimi Mais İsgəndərov, “Red Bull Paper Wings - 2014”-ün milli qalibləri Rəhim Şükürov və tural Əliyev təmsil olunublar.
Yarışdan sonra M.İsgəndərov “Red Bull Paper Wings - 2015” barədə təəssüratlarını bölüşərək deyib ki, kağız təyyarəciklər düzəltməyi uşaqlıqdan sevir. İndi isə kreativ tələbələrin bu təşəbbüsünü müşahidə etmək onu çox sevindirir. O qeyd edib ki, bu il tələbələrimiz yarışa ötən ildəkindən xeyli ciddi hazırlaşıblar.
“Red Bull Paper Wings - 2014”ün qalibləri Rəhim Şükürov və Tural Əliyev bildiriblər ki, bu yarış onların həyatında böyük rol oynayıb, çünki onlar “Azərbaycan Hava Yolları”nın peşəkar təyyarəçiləri olublar.