Bakıda “Rus dili səfirləri” maarifləndirmə proqramının tədbirləri keçirilib
Bakı, 22 may, AZƏRTAC
Bakıdakı Rus evində funksional savadlılıq səviyyəsinin, rus dili və ədəbiyyatına marağın artırılmasına istiqamətlənən “Rus dili səfirləri” maarifləndirmə proqramının açılışı təşkil olunub.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbir “Total imla” Vətəndaşların Dil Mədəniyyətinə Dəstək Fondunun təşkilatçılığı, A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun dəstəyi ilə həyata keçirilib.
İctimai və gənclər təşkilatlarının nümayəndələri üçün Rusiya Federasiyası Prezidenti yanında rus dili üzrə Şuranın üzvü, “Qramota.ru” portalının baş redaktoru Vladimir Paxomovun “Rus dili orfoqrafiyasının yeni qaydaları hansılar olacaq?” mövzusunda mühazirəsi, eləcə də rus dili və ədəbiyyatı mövzusunda viktorina təşkil olunub.
Proqramın əsas məqsədi funksional savadlılıq səviyyəsinin, rus dili və ədəbiyyatına marağın artırılmasıdır.
Tədbirlərdə qeyri-hökumət təşkilatlarının, həmvətənlər və gənclər hərəkatının təmsilçiləri iştirak ediblər. A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun icraçı direktorunun müavini Viktoriya Qorçakova iştirakçılara Fondun layihələrindən, qrant dəstəyindən və “InteRussia” beynəlxalq təcrübə proqramından söhbət açıb.
Sonra iştirakçılar üçün nasir, redaktor, “Böyük kitab” və “Milli bestseller” mükafatlarının finalçısı Anna Matveyevanın yaradıcı ustad dərsləri keçirilib.