Bakıda Rusiya Mətbuatı Günü qeyd edilib
Bakı, 13 yanvar, AZƏRTAC
Bakıda, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) jurnalistlərlə Rusiya Mətbuatı Gününə həsr olunmuş ənənəvi görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov qonaqları salamlayıb. O, 2019-cu ildə “Rossotrudniçestvo” Agentliyinin və RİMM-in işini peşəkarcasına və obyektiv işıqlandırdıqlarına görə Azərbaycan və Rusiya jurnalistlərinə ürəkdən təşəkkür edib və bir sıra jurnalistlərə fəxri fərmanlar təqdim edib.
V.Denisov deyib: “İyul və yanvar aylarında belə görüşlər keçirmək, onları Rusiyanın və Azərbaycanın peşəkar mətbuat bayramlarına həsr etmək artıq xoş ənənəyə çevrilib. Jurnalist peşəsi, eyni zamanda, həm maraqlı, həm də məsuliyyətli peşədir. İnsanlar sizə etibar edirlər və jurnalistin bu və ya digər hadisəyə baxışını bir qayda olaraq öz baxışı kimi qəbul edirlər. Rusiya Mətbuatı Günü təkcə Rusiya mətbuatının deyil, həm də rus dilində yazan bütün jurnalistlərin bayramıdır. Rusiya və Azərbaycan jurnalistlərini çox məqamlar - tarix, təhsil, əməkdaşlıq telləri bağlayır”.
Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC “Rossotrudniçestvo” Agentliyinin Fəxri fərmanı ilə mükafatlandırılanlar sırasındadır.
Sonra gənc ifaçıların iştirakı ilə bayram konserti olub.