İDMAN
BAKIDA SƏRBƏST GÜLƏŞ ÜZRƏ BEYNƏLXALQ TURNİR KECİRİLMİŞDİR
Bakı İdman sarayında gənclər arasında sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçirilmişdir. Turnir faciəli 20 yanvar hadisələri zamanı şəhid olmuş Müşfiq İsayevin xatirəsinə həsr olunmuşdur. Milli Olimpiya Komitəsinin, Gənclər, İdman və Turizm Nazirliyinin, Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə Respublika Güləş Federasiyasının keçirdiyi yarışlarda Azərbaycan, Rusiya, İran və Gürcüstandan 290 idmançı iştirak etmişdir.
Turnir başlanmazdan əvvəl iştirakçılar Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycan xalqının ümummilli lideri, Prezident Heydər Əliyevin və şəhid Müşfiq İsayevin xatirəsini andılar.
İki gün davam etmiş yarışların yekunlarına görə 42 kq çəki dərəcəsində Ceyhun Məmmədov (Azərbaycan), 46 kq-da Məsud İsmayıl (İran), 50 kq-da Levon Metreveli (Gürcüstan), 54 kq-da Camal Babdian (İran), 58 kq-da Ülvi Abbasov (Azərbaycan), 63 kq-da İman Məhəmməd (İran), 69 kq-da Sadiq Güdazi (İran), 76 kq-da Hacı Nurməhəmmədov, 85 kq-da Məhəmməd Məhəmmədov (hər ikisi Rusiya), 100 kq-da Koba Keralidze qalib gəlmişlər.