Bakıda təşkil olunacaq “BMX Racing” növü üzrə dünya çempionatına dəstək yarışları davam edir
Bakı, 19 aprel, AZƏRTAC
Velosiped idman növünün məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərinin rayondaxili mərhələsinə start verilib. Bakı şəhəri Nərimanov rayonu 82 nömrəli tam orta məktəbin idman meydançasında keçirilən yarışda 21 məktəbdən 130 şagird iştirak edib.
AZƏRTAC xəbər verir ki, yarışın nəticəsinə əsasən, 212 nömrəli məktəbin komandası birinci olub. 45 və 178 nömrəli tam orta məktəblərin komandaları ilk üçlükdə qərarlaşıblar.
Qaliblər kubok və diplomlarla təltif ediliblər.
Kütləvi idman tədbirlərinin keçirilməsində əsas məqsəd velosiped idman növünü məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdir.
Yarışlar Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri, Abşeron, İsmayıllı, Zaqatala rayonları əhatə olunmaqla Azərbaycan Velosiped İdmanı Federasiyasının, Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilir. İyunun 2-dək davam edəcək kütləvi idman tədbirlərinə 4 mindən çox məktəblinin qatılacağı gözlənilir.
Yarışlar iyunun 5-9-da Bakıda keçiriləcək velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatına dəstək məqsədilə təşkil olunub.