Bakıda “Xəzər: Ətraf mühit üçün texnologiyalar” Beynəlxalq Ətraf Mühit Sərgisi keçiriləcəkdir
Bakı, 1 noyabr (AZƏRTAC). Noyabrın 2-dən 4-dək Böyük Britaniyanın “ITE Group plc” şirkəti və onun Qafqazdakı tərəfdaşı “Iteca Caspian” şirkətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə “Xəzər: Ətraf mühit üçün texnologiyalar” Beynəlxalq Ətraf Mühit Sərgisi (“CTE-2011”) keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar noyabrın 1-də “Trend” Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında “İTE Group plc” şirkətinin icraçı direktoru Edvard Stroun sərginin əhəmiyyətindən danışmış, bunun ətraf mühitin mühafizəsi sahəsində Xəzəryanı və Qafqaz regionlarında keçirilən ən iri tədbir olacağını bildirmişdir. Təmsil etdiyi şirkətin indiyədək Türkiyə, Qazaxıstan və Rusiyada ekoloji sərgilər təşkil etdiyini deyən icraçı direktor “CTE-2011” sərgisinin Azərbaycanda yüksək səviyyədə keçiriləcəyinə ümidvar olduğunu bildirmişdir.
Qeyd olunmuşdur ki, sərginin keçirilməsində əsas məqsəd ölkənin ekoloji təhlükəsizliyinin təmin edilməsi üzrə dövlət proqramların həyata keçirilməsinə dəstək vermək, habelə təbii ehtiyatların qorunub saxlanılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına imkan yaradacaq texnologiyaları Azərbaycanda təşviq və tətbiq etməkdir.
Sərginin meneceri Rəna Abutalıbova demişdir ki, “CTE-2011” beynəlxalq sərgisində 13 ölkədən 75 şirkət və qurum öz məhsullarını nümayiş etdirəcəklər. İştirakçılar arasında Azərbaycan, İsrail, Fransa, Türkiyə, Çexiya və digər ölkələrin nümayəndələri vardır. Sərgidə şirkətlər və dövlət strukturları ilə yanaşı, Azərbaycanın ekologiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da iştirak edəcəklər.
Sərgi çərçivəsində təbii ehtiyatlardan səmərəli istifadə, habelə külək, su və torpaq kimi bərpa olunan resurslar sahəsində layihələrin təqdim olunacağını diqqətə çatdıran R.Abutalıbova suyun təmizlənməsi üzrə ən müasir texnologiyaların nümayiş etdiriləcəyini də söyləmişdir. Bildirmişdir ki, sərgi çərçivəsində noyabrın 3-də “Ətraf mühit texnologiyaları və yaşıl iqtisadiyyat imkanları” mövzusunda konfrans keçiriləcəkdir.
Azərbaycanda ekologiya sahəsində həyata keçirilən layihələrdən danışan ETSN-in ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdiri Rasim Səttarzadə “CTE-2011” beynəlxalq sərgisinin nəticələrinin ölkəmiz üçün əhəmiyyətli olacağına əminliyini bildirmişdir.