Bakıdakı Rus evində görkəmli bəstəkar Arif Məlikova həsr olunmuş konsert keçirilib
Bakı, 28 oktyabr, AZƏRTAC
Bakıdakı Rus evində görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Arif Məlikovun anadan olmasının 90 illiyinə həsr olunmuş konsert keçirilib. Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və Bakıdakı Rus evinin birgə təşkilatçılığı ilə baş tutub.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan musiqi ictimaiyyətinin, yaradıcı və elmi dairələrin, ictimai təşkilatların nümayəndələri, həmçinin Arif Məlikovun ailə üzvləri iştirak ediblər.
Konsertin əvvəlində Bakıdakı Rus evinin nümayəndəsi Dmitri Yeqorov çıxış edərək, tədbirə toplaşanları salamlayıb.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın professoru Zemfira Qafarova çıxışında Arif Məlikovun musiqi sənətimizin inkişafındakı tarixi xidmətlərini qeyd edib.
Tədbir zamanı qonaqlar Arif Məlikovun istedadının çoxşaxəliliyi, o cümlədən təsviri sənət və poeziya sahəsindəki yaradıcılığının mühüm mərhələləri, musiqiçinin tərcümeyi-halının maraqlı və az tanınan faktları, eləcə də bəstəkarlıq yaradıcılığının hər bir sahəsində innovativ kəşfləri haqqında məlumat əldə edə biliblər. Həmçinin, Ümummilli Lider Heydər Əliyevin musiqiçinin həyatında rolu, onların səmimi dostluq münasibətləri vurğulanıb. Təsadüfi deyil ki, Arif Məlikov simfoniyalarından birini bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz Ümummilli Liderə həsr edib. Tədbir zamanı bu simfoniyanın fraqmenti dövrün iki dahisinin dostluğunun simvolu olaraq səsləndirilib.
Konsertin musiqi proqramı Azərbaycanın Əməkdar artisti Aleksey Miltıx, Azərbaycan Dövlət Akademik Musiqi Teatrının solisti Yuliya Heydərova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artisti Renata Əbubəkirova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın müəllimi Nərgiz Kəngərli, BMA-nın məktəb-studiyasının müəllimləri Ofeliya Axundova və Nuranə Zeynalova, beynəlxalq müsabiqələr laureatı Emil Malıgin, eləcə də Bülbül adına orta ixtisas musiqi məktəbinin tələbəsi Rəna Mirağayeva və konsertmeyster Sevinc Kərimovanın ifasında təqdim olunub.
Sonra Aytən İbrahimovanın Arif Məlikovun yaradıcılığına həsr olunmuş, bəstəkarın yubileyinə hazırlanmış elmi tədqiqat əsəri təqdim edilib.