REGİONLAR
Balakəndə “ABAD”çı ailələrə monoblok-konteynerlər təqdim olunub VİDEO
Balakən, 8 may, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən icra olunan sosial xarakterli “Ailə Biznesinə ASAN Dəstək” – ABAD pilot layihəsi çərçivəsində mayın 8-də Balakən rayonunda fəaliyyət göstərən ailə təsərrüfatlarına monoblok-konteynerlər şəklində zəruri istehsal avadanlığı təqdim olunub.
Konteynerlərin təqdimatı Dövlət Agentliyinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə həyata keçirdiyi silsilə tədbirlər çərçivəsində reallaşıb.
AZƏRTAC xəbər verir ki, rayonun Qaysa, Qazma və Katex kəndlərində keçirilən təqdimat mərasimlərində Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev, qurumun məsul əməkdaşı Elvin Şirinov, Balakən regional “ABAD” Mərkəzinin və rayon icra hakimiyyətinin məsul nümayəndələri iştirak ediblər.
Konteynerlərdə quraşdırılan avadanlıq pendir, ət məhsulları, cem, mürəbbə istehsalı üçün nəzərdə tutulub. Beləliklə, ailə təsərrüfatları artıq öz məhsullarını kustar üsulla deyil, bütün standartlara cavab verən şəraitdə istehsal edə biləcəklər.
“ABAD”, eyni zamanda, ailə təsərrüfatlarının istehsal etdiyi məhsulların brendləşdirilməsi, qablaşdırma və dizaynların tərtib olunması işlərini də həyata keçirir. İstehsal edilən məhsulların “bir pəncərə” prinsipi əsasında sertifikatlaşdırılması və satışı da “ABAD” tərəfindən təşkil olunur.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 sentyabr tarixli Fərmanı ilə yaradılan “ABAD” publik hüquqi şəxs ilkin mərhələdə pilot layihə olaraq Masallı rayonunda fəaliyyətə başlayıb. Əsas məqsəd kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.
“ABAD” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən, ikinci pilot region kimi Balakən rayonu seçilib.
Konteynerlərin sahibləri – Qaysa kəndindən Məhəmməd Bazarov, Qazma kəndindən Mədət Bağırov və Katex kəndindən Məhəmməd və Seyfullah Kərimovlar layihənin əhəmiyyətini yüksək qiymətləndirib, ailə təsərrüfatlarına göstərilən bu misilsiz dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.