Balakəndə yeni fındıq bağları salınır
Balakən, 21 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Prezidentinin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlarının icrası məqsədi ilə Balakən rayonunda yeni fındıq bağlarının salınması istiqamətində işlər davam etdirilir. Payız mövsümünün gəlişi ilə əlaqədar rayon ərazisində bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələrində fındıq pöhrələrinin və tinglərin əkininə başlanılıb. Qısa müddətdə 350 hektara yaxın sahədə yeni fındıq bağları salınıb. Ting əkini dekabrın ortalarınadək davam edəcək.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyəti aparatının şöbə müdirinin müavini Turan Dibirov məlumat verib.
Hazırda rayonun fındıq bağlarının ümumi sahəsi 8 min hektara yaxındır. Bu bağların 2 min 264 hektarı son iki ildə, o cümlədən 662 hektarı cari ilin yaz aylarında salınıb.