Balaxanı Sənaye Parkında elektrik və elektron tullantıların emalı məqsədi ilə istehsal sahəsi yaradılacaqdır
Bakı, 17 iyul (AZƏRTAC). Tullantıların təkrar emalı sənayesini inkişaf etdirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli Sərəncamına əsasən təsis edilmiş Balaxanı Sənaye Parkı ilə bağlı “Təmiz Şəhər” ASC bir sıra mühüm tədbirlər həyata keçirmişdir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Ernst&Young” şirkəti tərəfindən parkın nümunəvi əsasnaməsi, texniki-iqtisadi əsaslandırılması sənədi, korporativ təşviqat materialları hazırlanmış, 7 hektarlıq ərazidə geoloji tədqiqat, torpaq və hasarlanma işləri aparılmış, habelə Azərbaycan və ingilis dillərində rəsmi internet səhifəsi (www.bsp.az) istifadəyə verilmişdir. Hazırda Balaxanı Sənaye Parkının layihə-smeta sənədləri hazırlanır və ilin sonunda tikinti-inşaat işlərinin başlanılması planlaşdırılır.
Bu işlərlə yanaşı, potensial sahibkarların cəlb olunması üzrə kompleks tədbirlər görülməyə başlanmış və bu istiqamətdə nailiyyətlər əldə edilmişdir. Belə ki, Balaxanı Sənaye Parkında məişət tullantılarının təkrar emalı ilə yanaşı, qeyri-məişət tullantıları hesab edilən avtomobil şinləri, elektrik və elektron cihazlar, məişətdə əmələ gələn təhlükəli tullantılar və digər tullantı növlərinin emalının təşkili planlaşdırılır. Bu istiqamətdə “Təmiz Şəhər” ASC qeyri-məişət tullantısı hesab edilən elektrik və elektron tullantıların sənaye parkında təkrar emalı məqsədi ilə Türkiyədə tullantıların emalı sahəsində böyük təcrübəyə malik “Exitcom Recycling” şirkəti ilə anlaşma memorandumu imzalamışdır. İlkin mərhələdə, adıçəkilən tullantıların böyük müəssisələrdən toplanması və emalı nəzərdə tutulur. Bununla əlaqədar elektrik və elektron tullantıların toplanması ilə bağlı artıq “Azercell Telekom” MMC, “PAŞA Holding” MMC kimi böyük şirkətlərlə danışıqlara başlanmışdır.
Növbəti mərhələdə isə bu cür tullantıların əhalidən kütləvi şəkildə toplanması məqsədi ilə İqtisadi İnkişaf Nazirliyinin rəhbərliyi ilə dövlət işçi komissiyası yaradılmışdır. Bu prinsip istehsalçıların istehsal etdikləri məhsulun ən son mərhələyə, yəni onların utilizasiyası və təkrar emalınadək məsuliyyət daşımasını təmin edir.
Beləliklə, müasir dövrdə elektrik və elektron tullantıların Balaxanı Sənaye Parkında düzgün şəkildə emal olunması resurslara və enerjiyə qənaət, xammal idxalı asılılığının azaltmaqla ölkədə “yaşıl iqtisadiyyat”ın inkişafına təkan verəcək, ətraf mühit və insan səhhətinə mənfi təsirləri və riskləri azaltmış olacaqdır.
Balaxanı Sənaye Parkında təkrar emal sənayesini inkişaf etdirmək istəyən müəssisələr üçün investisiya, vergi güzəştləri və üstünlüklər tətbiq edilir. Ümumiyyətlə parkın coğrafi mövqeyi, nəqliyyat qovşağına yaxın məsafədə yerləşməsi, həm daxili, həm də xarici bazarlara yaxınlığı əldə olunmuş təkrar xammal və ya istehsal edilmiş məhsulların asanlıqla son istifadəçiyə çatdırılmasına imkan verir. Parkın daxili və xarici infrastrukturu sahibkarlar üçün əlverişlidir. Rezidentlər elektrik, su, kanalizasiya, qaz və istilik təchizatı, telefon xətti, ADSL internet bağlantısı kimi kommunal xidmətlər və yük maşınları üçün tərəzi, anbar, bank, poçt, təmir emalatxanası və s. daxili xidmət vasitələrindən faydalanacaqlar.