İQTİSADİYYAT
“BARMEK AZƏRBAYCAN” ŞİRKƏTİ MƏTBUAT KONFRANSI KEÇİRMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, mətbuat konfransında Barmekdə 5 min nəfərin çalışdığı və onların Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkənin şimal bölgəsindəki 6 rayona xidmət etdikləri diqqətə çatdırıldı. Qeyd olundu ki, Barmek Bakı şəhərində 5 kiçik, yerli kəsim şirkəti ilə müqavilə imzalamışdır. Bu şirkətlərin işçiləri, xəbərdarlıqlara baxmayaraq enerji pulunun ödənişini həddindən artıq gecikdirən abunəçilərin elektrik xəttini kəsməklə məşğuldurlar. Keçən ay kəsim şirkətləri tərəfindən 13 min 350 abunəçinin işığının kəsildiyi və bu əməliyyatların Barmekin hazırladığı xüsusi təlimat əsasında aparıldığı mətbuat konfransı iştirakçılarının nəzərinə çatdırıldı.
Şirkətdə əhalinin müraciətlərinə həssaslıqla yanaşıldığı və hər gün 400-450 abunəçinin şikayətlərinə baxıldığı da qeyd edildi. Əhali bilməlidir ki, elektrik enerjisi də əmtəədir, ondan istifadə üçün haqq ödənilməlidir.