İDMAN
Baş katib: Azərbaycan basketbolu üçün tarixi günlər uzaqda deyil
Bakı, 25 dekabr, AZƏRTAC
“Builki çempionatın ötən mövsümlə müqayisədə daha güclü olması sevindirici haldır”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Basketbol Federasiyanın (ABF) baş katibi Vüqar Əzimov ölkə çempionatında birinci dövrənin yekunlarını şərh edərkən deyib.
Federasiya rəsmisi liqanın ilk hissəsinin gərgin mübarizə şəraitində keçdiyini bildirib: “Çempionatda 5-6 komanda arasında gərgin mübarizə gedir. Oyunçuların keyfiyyəti baxımından da səviyyə yüksəkdir. Turnir cədvəlinə baxsaq, komandaların arasında xal fərqinin böyük olmadığını görərik. Bu da qış fasiləsindən sonra klubların hər xal üçün necə əzmkar mübarizə aparacağını deməyə əsas verir. Səbirsizliklə hansı komandaların pley-offa düşəcəyini gözləyirik. İnanıram ki, basketbolsevərlər maraqlı matçların şahidi olacaqlar”.
Onun sözlərinə görə, ikinci dövrədə istənilən komandadan sürpriz nəticə gözləmək olar: “Xəzri” yeni yaranmasına baxmayaraq, uğurlu nəticələr əldə edir. “Xırdalan” dövrənin sonlarına yaxın yaxşı oyun göstərməyə başladı. Hətta onların çempionluğa iddialı “Neftçi”yə böyük hesabla qalib gəlməsi gözlənilməz oldu. İdmanda hər bir kollektiv eniş yaşaya bilir. Bir sıra komandalar bəzi oyunçularla yollarını ayırdılar və onların yerinə yeni basketbolçular cəlb olundu. Düşünürəm ki, ikinci dövrə daha maraqlı olacaq”.
“Sabah” komandasının FIBA Avropa Kubokundakı çıxışına da toxunan V. Əzimov əlavə edib: “Sabah”ın ilk mövsümdə bu cür nailiyyət qazanması möhtəşəm idi. Azərbaycan adını, basketbolunu Avropada uğurla təmsil etmək qürurvericidir. İnanıram ki, gələcəkdə digər komandalarımız da belə nəticələr əldə edəcək və avrokubokların pley-off mərhələsində oynamaq şansı qazanacaqlar. O tarixi günlər uzaqda deyil”.
Baş katib Azərbaycanın 3x3 qadın basketbol millisinin “Paris-2024” Yay Olimpiya Oyunlarının təsnifat mərhələsinə hazırlaşdığını diqqətə çatdırıb: “Yığmamız bu il Dünya Qadın Seriyasında uğurlu nəticə əldə edərək finala kimi irəlilədi. İndi isə Paris Olimpiadasında vəsiqə qazanmaq üçün təsnifat oyunlarında iştirak edəcəklər. Ümid edirəm ki, Honq-Konq və Macarıstanda yaxşı mübarizə aparıb Olimpiya Oyunlarına lisenziya qazanacaqlar. Bu baş versə, Azərbaycan basketbolu adına ən böyük tarixi qələbə olacaq”.