Baş katib: Azərbaycanda taekvondoya maraq ildən-ilə artır
Bakı, 26 dekabr, AZƏRTAC
“Yarış gözlədiyimizdən də yaxşı keçir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Taekvondo Federasiyasının baş katibi Rüstəm Bağırlı yeniyetmələr arasında Azərbaycan birinciliyi və çempionatı ilə bağlı danışarkən deyib.
Federasiya nümayəndəsi əsas məqsədlərinin bu idman növünün gənclər arasında təbliğ etmək olduğunu bildirib: “Azərbaycanda taekvondo idman növünə ildən-ilə maraq artır. Sevindirici haldır ki, bölgələrdə də taekvondo ilə məşğul olanlar var. Biz bunu həvəslə tribunaları dolduran insanların sayında da müşahidə edirik”.
R.Bağırlı Qaşım Maqomedovun Çinin Usi şəhərində keçirilən Böyük Dəbilqə turnirdə iki qızıl medal qazanmasının Azərbaycan taekvondosu üçün böyük uğur olduğunu söyləyib: “Qaşımın turnirdəki rəqibləri çox güclü idi. Hətta Çindən olan idmançıya Bakıda məğlub olmuşdu. Lakin vətənində həmin rəqibinə qalib gəlməyi bacardı. Həmçinin koreyalı və iranlı idmançılarla görüşlərdə də qalib gələrək qızıl medallara sahib çıxdı”.
O, “Paris-2024” Yay Olimpiya Oyunlarına taekvondo idman növündən daha çox idmançının lisenziya qazanacağına inandığını vurğulayıb: “Növbəti il Almaniyanın Münhen şəhərində də yarış keçiriləcək. İnanıram ki, idmançılar orada da yaxşı nəticə əldə edib Paris Olimpiadasına vəsiqə qazanacaqlar. Bu yarışlarda təmsilçilərimizin uğurlu çıxış etməsi onların Parisdəki turnirdə də medallar qazanması üçün motivasiya olacaq”.