“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 818 kiloqram batareya toplanılıb
Bakı, 6 sentyabr, AZƏRTAC
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində “Bravo” marketlər şəbəkəsinin 28 May, Koroğlu və Şüvəlan filiallarından ümumilikdə 49 kiloqram işlənmiş batareya toplanaraq “Təhlükəli Tullantılar” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilib.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda müxtəlif dövlət qurumlarında, şirkətlərdə, marketlər şəbəkələrində, ali və orta ixtisas təhsil müəssisələrində, banklarda və otellərdə təhvil qutuları yerləşdirilərək layihəyə dəstək verilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Qırmızı ürəklər” Fondu tərəfindən start verilən layihə çərçivəsində bu günədək 818 kiloqram batareya toplanılıb.
Nazirlik bu prosesə töhfə verən bütün tərəfdaşlara, vətəndaşlara təşəkkür edir və hər kəsi tullantıların çeşidlənməsi qaydalarına riayət etməyə, təhlükəli və istifadəyə yararsız olan batareyaların məişət tullantılarına qarışdırılmasına yol verməməyə, batareyalar üçün ayrılan xüsusi qutulardan istifadə etməyə çağırır.