Bayram günlərində Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti
Bakı, 19 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti bayram günlərində Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraitini açıqlayıb.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, martın 20-də havanın arabir yağıntılı olacağı gözlənilir. Abşeron yarımadasının bəzi ərazilərində sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcəyi, sürətinin saniyədə 15-20, arabir 23-25 metr olacaq, axşam yarımadanın bəzi yerlərində arabir 28-30 metrədək güclənəcək. Havanın temperaturu gecə və gündüz 2-5° isti olacaq.
Martın 21-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, arabir 23-25 metrədək güclənəcək, səhər şimal-şərq küləyinin sürəti 8-13 metr/saniyə təşkil edəcək. Havanın temperaturunun gecə 1-3°, gündüz 6°-dək isti olacağı bildirilir.
Martın 22-də havanın arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi ehtimalı var. Şimal küləyi əsəcək, sürəti saniyədə 10-15 metr olacaq, gündüz arabir 18-23 metrədək güclənəcək. Havanın temperaturunun gecə 2-4°, gündüz 6°-dək isti olacağı ehtimal edilir.
Martın 23-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə havanın az yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, 15-20 metr/saniyəyədək güclənəcək, gündüz şimal-şərq küləyinin sürəti saniyədə 8-13 metr təşkil edəcək. Havanın temperaturunun gecə 2-4°, gündüz 6-8° isti olacağı ehtimal edilir.