REGİONLAR
Baytarlıq İdarəsinin əməkdaşları Tərtərdə aşkar olunan naməlum heyvan skeletinə baxış keçiriblər - YENİLƏNİB
Tərtər, 12 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtər rayonunun Hüsənli kəndində aşkar olunan naməlum heyvan skeletinə Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilib.
Baytarlıq İdarəsinin rəisi Murad Cəfərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, aşkar edilən skeletin uzunluğu 70 santimetrdir. Skeletin iki arxa ətrafları, 13 cüt qabırğası, 8 boyun, 12 bel, 14 quyruq fəqərəsi var. Qabaq ətrafları isə yoxdur. Kəllə sümüyündə göz çuxurları çox böyükdür. Üst çənəsində 14, alt çənəsində 12 diş var. Köpək dişlərinin digər dişlərə nisbətən yaxşı inkişaf etməsi onun yırtıcı olduğunu göstərir.
Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşı, baytar-həkim Aqil Mustafayev isə bildirib ki, kəllə sümüyünün və göz yuvasının quruluşu, köpək dişi skeletin pişiyə məxsus olduğunu deməyə əsas verir.
[11:28]
Tərtər rayonunun Hüsənli kəndində naməlum heyvan skeleti aşkar edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd sakini Qasımov Rafiq Əli oğlu evində təmir işləri apararkən, köhnəlmiş döşəməni sökdüyü zaman heyvan skeleti aşkar edib. Skeletin qəribə görünüşü sakinlərin marağına səbəb olub. Naməlum heyvanın skeletinə baxanlar onun hansı heyvana aid olduğunu müəyyən edə bilmirlər. Köpək dişlərinin digər dişlərə nisbətən yaxşı inkişaf etməsi onun yırtıcı olduğunu deməyə əsas verir.