BDU-da beynəlxalq elmi konfrans: Kimyanın aktual problemləri
Bakı, 26 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Kimyanın aktual problemləri” mövzusunda doktorant, magistr və gənc tədqiqatçıların XIV beynəlxalq elmi konfransı keçirilir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, konfransın plenar iclasını giriş sözü ilə açan elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov ümummilli lider Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafındakı xidmətlərindən danışıb. Pandemiya dövründə tələbə və magistrantların təhsilinin davamlılığının təmin olunmasına nail olmaq məqsədilə keçirilən tədbirlər haqqında məlumat verilib. H.Məmmədov pandemiya dövründə elmi fəaliyyəti davam etdirmək üçün onlayn platformanın və virtual konfransların əhəmiyyətini qeyd edərək konfransın işinə və iştirakçılara uğurlar arzulayıb.
Kimya fakültəsinin dekanı Abdulsəyid Əzizov fakültənin tədris və elmi fəaliyyəti, ötən il əldə olunan nailiyyətlər haqqında, hazırkı şəraitin fakültənin fəaliyyətinə təsirindən və pandemiya dövründə əldə edilən uğurlardan söz açıb.
Fakültənin tədris işləri üzrə dekan müavini Fuad Kərimli konfrans haqqında ətraflı məlumat verib, təqdim olunan məqalələrin kimyanın aktual problemlərinə həsr olunduğunu deyib.
Konfransda Azərbaycanla yanaşı, Türkiyə, Almaniya, Rusiya, Gürcüstan, İran və Portuqalıyanın kimyaçı alimləri və gənc tədqiqatçıları iştirak edirlər.
Konfrans işini bölmə iclaslarında davam etdirir.