BDU-da onlayn mühazirə: “Əbədi müasirimiz - Nizami haqqında söz”
Bakı, 30 mart, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) “Əbədi müasirimiz - Nizami haqqında söz” mövzusunda onlayn mühazirə keçirilib. Tədbir 27 mart - Elm Gününə həsr olunmuş mühazirələr silsiləsindən təşkil edilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Xalq yazıçısı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas Elçin Əfəndiyev BDU-nun, universitetin nəzdində İqtisadiyyat və Humanitar Kollecin professor-müəllim heyəti və tələbələrinə, “Gənc istedadlar” liseyinin şagirdlərinə onlayn mühazirə oxuyub.
Elçin Əfəndiyev mühazirədə Nizami Gəncəvinin həyat yolu və yaradıcılığı, Şərq və dünya ədəbiyyatının inkişafında rolu, əsərlərindəki fəlsəfi fikirlər, ideyalar, bəşəriyyətin bədii söz sənətinə “Xəmsə” adlı xəzinəni bəxş etməsi, onun bədii irsinin dünya ədəbiyyatının, təsviri sənətin və musiqinin inkişafına böyük təsiri, gənc nəslin təlim-tərbiyəsində Nizami yaradıcılığının əvəzsiz rolu və s. barədə söhbət açıb. Dahi sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsinin əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus yerini qoruyub saxladığını qeyd edib. Xalq yazıçısı bildirib ki, böyük mütəfəkkirin əsərlərində elmə yüksək qiymət verilib, ən çətin məsələlərin həllində elmin rolu önə çəkilib.
Sonra BDU-nun rektoru Elçin Babayev çıxış edib. Rektor “Nizami Gəncəvi İli” çərçivəsində BDU-da həyata keçiriləcək tədbirlər planı barədə məlumat verib. O, bu məqsədlə xüsusi komissiyanın yaradıldığını, silsilə elmi konfrans və simpoziumların, mühazirələrin, seminarların keçiriləcəyini, dahi şairin zəngin söz xəzinəsinə həsr olunmuş sərgilərin təşkil olunacağını söyləyib.
Tədbir müzakirələrlə davam edib.