ELM VƏ TƏHSİL
BDU-nun əməkdaşları şəhid Nicat Əhmədovun məzarını ziyarət ediblər

Bakı, 22 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) bir qrup əməkdaşı Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu, Vətən müharibəsi şəhidi Nicat Əhmədovun doğum günündə ailəsi ilə görüşüb, məzarını ziyarət edib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Ziyarətdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekan müavini Kənan Vəkilov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hacıbaba Mustafayev, Tələbə Gənclər Təşkilatının sədri Ələkbər Həsənov və fakültənin tələbələri iştirak ediblər.
Görüşdə çıxış edənlər Nicat Əhmədovun Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda düşmənə qarşı döyüşlərdə igidlik nümunəsi göstərdiyini və həmin döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldığını bildiriblər. Vurğulanıb ki, şəhid Nicat Əhmədovun xatirəsi daim ürəklərdə yaşayacaq.
Qeyd edək ki, Nicat Əhmədov BDU-da 2016-2020-ci illərdə təhsil alıb. Vətən müharibəsi zamanı düşmənə qarşı döyüşlərdə iştirak edib. Həmin döyüşlər zamanı 2020-ci il oktyabrın 8-də şəhidlik zirvəsinə ucalıb.