DÜNYA
“Bebinka” qasırğası Şanxayda həyatı iflic edib VİDEO
Pekin, 16 sentyabr, AZƏRTAC
Sentyabrın 16-da səhər saatlarında Çinin şərq sahillərinə çatan “Bebinka” qasırğası ölkənin maliyyə mərkəzi olan Şanxayda həyatı iflic edib.
AZƏRTAC xəbər verir ki, 1949-cu ildən bəri Şanxayı vuran ən güclü qasırğanın gətirdiyi güclü külək və şiddətli yağışlar səbəbindən şəhərin bir neçə rayonunda məktəblər bağlanıb, ictimai nəqliyyatın hərəkəti dayandırılıb, çatdırılma xidmətlərinə fasilə verilib. Pudon, Cinşan, Fensien və Çonmin rayonlarında dövlət qurumlarından başqa bütün iş yerlərinin fəaliyyətinin dayandırılması tövsiyə olunub. Şanxayda ümumilikdə 424 min nəfər təxliyə edilib. Güclü külək şəhərdə elektrik və kommunikasiya xətlərinə ziyan vurub, ağacları aşırıb. Sakinlərə açıq havaya çıxmamaq tövsiyə olunub.
Qasırğanın yaxınlaşması ilə əlaqədar sentyabrın 15-də axşam saat 20:00-dan Şanxaydakı Honçiao və Pudon beynəlxalq hava limanlarında uçuşlar dayandırılıb. Bundan başqa, Şanxaydan Cıcian və Ciansu əyalətləri istiqamətində bütün avtobus səfərləri ləğv edilib. Təbii fəlakətin yaratdığı fəsadlarla mübarizəyə 2 min 500 fövqəladə cavab qrupu, 56 min xilasedici, 12 min yanğınsöndürən cəlb olunub.
Qeyd edək ki, sentyabrın 15-də Çinin Su Ehtiyatları Nazirliyi qasırğanın gətirəcəyi şiddətli yağışlarla əlaqədar Şanxay şəhərində, Ciansu, Cıcian və Anhuy vilayətlərində sel və daşqın xəbərdarlığı elan edib. Güclü yağışlar səbəbindən kiçik və orta çaylarda suyun səviyyəsinin təhlükəli həddə çatacağı gözlənilir. Müvafiq qurumlara, həmçinin əhaliyə sel və daşqınların infrastruktura, evlərə, əkin sahələrinə vura biləcəyi zərərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək tövsiyə olunub.
“Bebinka”nın Çində payız festivalı tətili günlərinə (sentyabrın 15-dən 17-dək) təsadüf etməsi milyonlarla insanın səyahət və istirahət planlarını pozub. Şanxay şəhərində sentyabrın 15-i günortadan etibarən gəmi səfərləri təxirə salınıb, əyləncə-istirahət mərkəzləri, Disneylənd də daxil olmaqla parklar bağlanıb. Şanxaydan Kunmin və Nannin şəhərləri istiqamətlərində qatarların hərəkəti dayandırılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin