BƏDİİ GİMNASTİKA GƏNCƏDƏ DƏ İNKİŞAF ETDİRİLİR
Bölmənin rəhbəri, yaxın keçmişdə idman gimnastı olmuş Larisa Aulina demişdir ki, gəncəli qızlar Aysel Əliyeva, Ləman Haqverdiyeva və Əzizə Hüseynova yarışlar ərəfəsində səylə məşq edirlər. Doğrudur, onlar hələlik yüksək mükafatlar və ad-san qazanmasalar da, Gəncədə keçirilmiş müxtəlif şənliklərdə çıxışları ilə xoş təsir bağışlamışlar. L.Aulina deyir: “Biz ölkənin idman rəhbərliyinin regionlarda gimnastikanı inkişaf etdirmək çağırışına məmnuniyyətlə qoşulmuşuq və 4 nömrəli məktəbdə bölmə açmışıq. İndi burada hər gün 15-20 qız məşğul olur. Çox vaxt bədən tərbiyəsi dərsləri bədii gimnastika məşğələləri ilə əvəz edilir, özü də, əsasən, şagirdlərin öz arzusu ilə. Bakıda dünya çempionatından sonra bölməmizə üzv yazılanların sayı xeyli artmışdır”.
Onun sözlərinə görə, gimnastlar təkcə məktəbdə deyil, Gəncə Olimpiya kompleksində də məşq edirlər. Burada idman ustalığını yüksəltmək üçün hər cür şərait yaradılmışdır.
Mətbuat xidmətindən onu da bildirmişlər ki, idmanın fundamental növlərindən biri kimi gimnastikanın inkişafına bütün bölgələrdə xüsusi əhəmiyyət veriləcəkdir. Ümidvarıq ki, təkcə Gəncədə deyil, digər şəhərlərimizdə də gimnastika bölmələri açılacaq, olimpiya komplekslərində isə bölgələrin idman təşkilatları həm məşqlər, həm də yerli gənclər arasında gimnastika yarışları keçirəcəklər. Milli Məclisin deputatı, bu günələrdə “2005-ci ilin adamı” elan edilmiş Mehriban xanım Əliyevanın başçılıq etdiyi Azərbaycan Gimnastika Federasiyası isə bu işə köməyini əsirgəməyəcək, fəalları daha da ruhlandıracaqdır.